Molla Pənah Vaqif

 

 

 

  On səkkizinci yüzil xanlarından birinin vəziri, poeziyasının isə padşahı...

  

   Sözümə (bir qədər qəribə səslənsə də) ordan başlayım ki, düz üç yüz il bundan əvvəl doğulub, “1717-1797” kimi “qafiyəvi” tarixçələrarası yaşamış bu siyasi-ictimai xadimin, poetik-estetik və real-əfsanəvi isimin həyatında Ay cisminin xüsusi rolu olub. Yəni, ömrü boyuDuruban başına dolanmaq gərək” sərəncamı ilə “Bulud zülflü, Ay qabaqlı gözəl”ləri vəsf edə-edə “məşhuri-cahan” bir şair olası bu sənətkarın saraya dəvət edilməsinin də səbəbi məhz - Ayın tutulacağı haqda verdiyi dəqiq münəccimlik xəbəri...  

   Bu xəbəri eşidən və tanış olmaqçün saraya dəvət edən İbrahimxəlil xan söhbət zamanı onun dərin ağlına, zəkasına, fitri istedadına heyran qalır və sarayda qalmasını təklif edir.

   Çox sonralar onu “Hər oxuyan Molla Pənah olmazkimi zərb-məsəllərlə təltif edəsi bu xalqın baməzə qismininQuş dimdiyindən tora düşər, Molla Pənah lələyindən” (“qələmindən”) deyimi də elə-belədən yaranmayıb. Belə ki, Gəncədə olarkən bir şikayətçinin dilindən yazdığı ərizənin üslubu Cavad xanı necə valeh edirsə, o da Molla Pənaha müştaq olub, sarayına gətirdir və ona daha artıq imtiyaz-niyazlar vəd edir. Lakin sonradan, İbrahimxəlil xanın davamlı və təkidli xahişləri səbəbilə, bu canlı sənət və siyasət qənimətinin Qarabağa qayıtmasına rüsxət verir.

   Beləliklə, ömrünün sonunadək sarayda yaşamış Molla Pənah orada (S.Vurğunun nəzmi təbirilə: “Mən orda olmasam, qan çıxar dizə, Quşlar da ağlayar ellərimizə”) müasirdaxili işlər naziristatuslueşik ağası”lığından “baş vəzir”liyədək - ovaxta qədər analoqu olmamış bir üsul-idarəçiliklə fəaliyyət göstərir. Bu rəsmi-rəyasi işlərdə - ömrünün son “səfər”ində oğlununAta, xan yuxarıda otura-otura, bizi aşağı niyə aparırlar” sualını cavablarkən “Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar...” deyə eyhamladığı bəzi xətalara yol vermiş olsa da, öz yüksək savadı, elmi, qeyri-adi fəhmilə sağlığında saray əhli əksərinin, illər otdükcə küll-Qarabağ və Azərbaycanın rəğbətini qazanır.

   düz üç yüz ildirki, bütün türk dünyası və dünya poeziyasevərlərinin ən duyğu-uyğusal məhəbbətini qazanmaqda!..

   Bütün bunlar isə, “göylər elmi”nə də xeyli bələd olmuş bu “şairi-vəzir” üçün heç də göydəndüşmə qənimət sayılmamalıdır. Şeirin də “Allah vergisiolduğunu xatırladıban qeyd edək ki, onun müasirlərinin dil-ağız və yazılı xatirələrinə istinad edən XX əsr ədəbiyyatşünaslarının qənaətincə, astronomiya ilə də ciddi məşğul olmuş Molla Pənah tətbiqi riyaziyyatı da yaxşı bilib. Mütəxəssislər bunu onun dəqiq hesablamalarla ŞuşadaXan saray”ı, bir sıra yaşayış evləri, xüsusən, möhtəşəm Qala divarlarının tikintisində verdiyi məsləhətlərinə istinadən söyləyirlər. Onlar, ilahi fitri istedaddan əlavə, çox zəngin kitabxanaya, yorulmaz elm-bilik səylərinə, zəmanəsinin ən görkəmli siyasilərini belə heyran edən diplomatik dil-üslub təfəkkürünə malik bu adamın saray əyanları və şəhər ziyalıları içərisində öz seçilib-sayılma nüfuzu ilə, bir vaxt götürdüyüVaqif” (“hər şeyi bilən”) təxəllüsünü tamamilə doğrultduğunu da qeyd edirlər.

   Ədəbiyyat tarixçiləri Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuş Molla Pənahın əcdadlarının Məhəmməd Füzulinin mənsub olduğu Bayat tayfasına aid olduğunu da ehtimal edirlər. Ümumiyyətcə, ictimai-siyasipoeziya sahələri istisna edilməklə, bu insanın həyatındakı bir çox nüanslar ehtimalidir.

   

   Şəxsən özü isə

  

   Gün kimi aydın...

   Bu “şəxsi”likdə heç bir qaranlığa yer, qarışıqlığa him yox. Bütün tarixi sənədlərin, ədəbi-bədii nümunələrin də təsdiq etdiyi kimi, fars və ərəb dillərində yaxşı danışa bilməsi, astronomiya, riyaziyyat, musiqipoetika üzrə geniş biliyə malikliyi göstərir ki, Molla Pənah (Qazaxda tanınmış alimpedaqoq Şəfi əfəndinin sayəsində) yaxşı təhsil görüb. Salnaməçilərdən belə hesab edənlər də var ki, o, təhsilini Gəncədə və Təbrizdə davam etdirib. XVIII əsrin ortalarında Gürcüstan sərhədində yaranan gərginlik ucbatından onun da ailəsi Qarabağa köçərək Tərtərbasar kəndində sığınacaq tapıb. Buradakı mədrəsədə dərs deyərkən (Qazax mədrəsəsində olduğu kimi) “Molla Pənah” çağırılıb. Az sonra Şuşaya köçübburada açdığı məktəbdəki universal ziyalı fəaliyyətilə gözəl müəllim və istedadlı şair kimi tanınmağa başlayıb. Şan-şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatınca saraya dəvət edilib...

   Ağa Məhəmməd şah Qacarın Şuşanı 33 günlük mühasirədə saxlaması zamanı İbrahimxəlil xana bir şairin əli ilə yazdırdığı “Fələyin mancanağından bəla daşları yağır, sən isə əbləhcəsinə şüşə (Şuşa) içərisində oturmusan?!” məktuba “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” cavabı ilə daha da şöhrətlənib. Bir zamanİran, yoxsa Rusiya?..” dilemması qarşısında qalan İbrahimxəlil xan Rusiya çarı II Yekaterinaya dalbadal məktub (əlbəttə, Vaqifin yazdığı) yollamalı olur. 1784-cü ildə həmin Yekaterina Qafqazdakı favorit-sərkərdəsinə (Potyomkinə) yazdığı məktubunda “İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir” qənaətini xüsusi vurğu ilə qeyd edir, sevimli generalından həmin məktubları kimin yazdığını müəyyənləşdirməsini xahiş edir.

   Əlqərəz, hədsiz olğu-olaylar subyekti olmuş bu şəxsiyyətin müdrikliyi, alimlikşairliyi haqda xəbərlər bütün Vətən boyu yayılınca “Hər oxuyan Molla Pənah olmaz” məsəli yaranıb. Nədən ki, bu adam həm bənzərsiz bir poetik, həm çox ayıq-sayıq politik idi. Böyük və “mürəkkəb” Nizami-Nəsimi-Füzuli “üçbucağı” içərisində bəzən çaşıb da qalan Azərbaycan xalqının canına-qanına işləyən şip-şirin nağıl-dastani ruhda şeirlər yazır, qoşmalar qoşurdu.

   Beləliklə, ictimai-siyasi-xəlqi kimliyi ehtiva edilən “özü”ndən qəzet həcmi çərçivəsincə danışdığımız bu sənətkarın -

  

   Sözü...

   

   Öncə, oxucularımızın diqqətinə bəzi sovet ədəbiyyatşünaslarının “inqilabdan əvvəlki dövrlərin sosial-iqtisadi vəziyyətinin təsviri” kimi təbliğ-təlqin etdikləri bir şeirindən iki bəndi təqdim etmək istərdim. Həm də ona görə ki, mən kamil şairin həmin şeirdəki sonuncu iki misrasını klassik şairlərimizdən bəzilərinin “fəxriyyə”lərindəki ifrat özünütəriflərə tutarlı cavab kimi də qiymətləndirirəm:

  

   Bayram oldu, heç bilmirəm neyləyim...

   Bizim evdə dolu çuval da yoxdur.

   Düyüylə yağ hamı çoxdan tükənmiş

   Ət heç ələ düşməz, motal da yoxdur.

  

   Bizim bu dünyada malımız var,

   evdə sahibcamalımız var,

   Vaqif, öyünmə ki, kamalımız var,

   Allaha şükür ki, kamal da yoxdur.

  

   Azərbaycan oxucularının əksəri çeşmələr kimi çağlamış bu şairin nəğmələr kimi lətif qoşmalarından ən azı beş-onunu əzbər bilər, mahnıya alınmışlarını vaxt-bivaxt züm-zümələr deyə, ustadıncəbri-nəzm”lərindən bir nümunə:

  

   Yarın sənə iqrarı gər iqrar isə, Vaqif,

   Hər dərdi-dilindən ki xəbərdar isə, Vaqif,

   Səbr eylə, əgərçi yar sitəmkar isə, Vaqif,

   Çək başına, bir fikrin əgər var isə, Vaqif -

   Ki ol sərvqədin sayəsi sərdən gedəcəkdir...

   

   İndi bir hal-xəyal sümüyü oynadan nümunə:

  

   Ey zülfü siyəh, sinəbi əbyəz, gözü alə,

   türfə cavansan!

   Ağzın kimi yox qönçə, yanağın kimi lalə,

   Gülzari-canansan!

   Heç bəndə sənə olmaya, ya rəb ki, həvalə,

   Sən afəti-cansan!

  

   sair və ilaxır yazıb, bu yazını bitirmək istəyirdim ki, əbədi sevgi-məhəbbətə dair çox müqəyyəd sualları cavablamış bu ali aşiqin bir suallı bəndinə bənd oldum:

  

   Qaynar gözlərindən, şux baxışından

   Əcayib fitnələr, fellər görünür.

   Səf-səf duran siyah kirpiklərindir,

   Yoxsa ki, gözümə millər görünür?

  

   Bu yazımı üç yüz ilə yaxındır oxunduqca doyulmayan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 300 illik yubileyi təntənəli tədbirlərlə qeyd edilməkdə olan böyük Azərbaycan şairinin heç bir fotoaparatın, kino-telekameranın, rəssamın və nəsri-publisistik qələm-karandaşın nail ola bilməyəcəyi portret-misraları ilə bitirmək istər könül:

  

   Xumar-xumar baxmaq göz qaydasıdır,

   Lalətək qızarmaq üz qaydasıdır,

   Pərişanlıq zülfün öz qaydasıdır, -

   Nə badi-səbadan, nə şanədəndir...

  

   Tahir Abbaslı

 

 

Mədəniyyət.- 2017.- 5 aprel.- S.15.