AİTF sərgisi 22 ölkədən turizm şirkətlərini bir araya toplayıb

 

 

   XVI Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2017) 22 ölkədən 272 şirkəti bir araya gətirib. Bakı Ekspo Mərkəzində üç gün ərzində 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq.

   Bu fikirlər aprelin 5-də sərginin açılışına həsr olunmuş mətbuat konfransında səsləndi. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev AİTF sərgisinin ölkə turizminin inkişafına verdiyi töhfələrdən danışdı: “Bu sərgi vasitəsilə ölkəmizin turizm potensialı xarici iştirakçılara əyani şəkildə təqdim olunur. Beynəlxalq tədbir çərçivəsində keçirilən görüşlər, “workshoplar aparıcı yerli turizm şirkətlərinin xarici şirkətlərlə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparması üçün yaxşı imkan yaradır”.

   Aydın İsmiyev vurğuladı ki, sərgidə Azərbaycanın 20-yə yaxın şirkəti ölkədə və xaricdə turizm təkliflərinin geniş çeşidini təqdim edəcək, ölkəmizin bölgələri bu il nazirliyin regional mədəniyyət və turizm idarələri vasitəsilə təmsil olunacaq.

   Şöbə müdiri diqqətə çatdırdı ki, ötən il Azərbaycanı 2 milyon 242 min 783 turist ziyarət edibbu, 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 11,7% çoxdur. Bu da ölkəmizdə turizm sənayesinin inkişafı istiqamətində atılan uğurlu addımların nəticəsidir. İndi ölkəmizə dünyanın müxtəlif ölkələrindən gələnlərin sayında artım müşahidə olunur: “Bu il də ölkəyə gələn turistlərin sayının artması gözlənilir. Bakıda bir sıra mötəbər yarışların, “Shopping festival”ın keçirilməsi ölkəmizə turistlərin marağını daha da artıracaq”.

   Son dövrlər Azərbaycana ərəb ölkələrindən olan turistlərin daha çox maraq göstərdiyini bildirən A.İsmiyev qeyd etdi ki, son iki ildə Novruz bayramı ərəfəsində İrandan gələn turistlərin də sayında xeyli artım müşahidə edilib.

   Jurnalistlərin suallarını cavablandıran şöbə müdiri hotel şəbəkəsinin daha da genişləndirilməsinin vacibliyindən danışdı. Bildirdi ki, 2-3 ulduzlu mehmanxanaların tikilməsi nazirlik üçün prioritet məsələdir. Onun sözlərinə görə, Bakıda 25 hostel, 92 apartament fəaliyyət göstərir. Bunlar özəl müəssisələrdir və sahibkarlar tərəfindən yaradılır. Dövlət tərəfindən də belə müəssisələrin sayının artırılması dəstəklənir.

   Sərginin meneceri Cəmilə Quliyeva tədbir haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, xarici iştirakçılar arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır. Debütantlar AİTF iştirakçılarının 34%-ni təşkil edir.

   Diqqətə çatdırıldı ki, 6-8 aprel tarixində AİTF sərgisi ilə yanaşı, regionda hotelrestoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq “Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi (“Horex Caucasus 2017”) keçiriləcək. Bu il həmçinin ilk dəfə olaraq Rusiyanın Dövlət Ermitaj Muzeyi, Macarıstanın ən böyük mehmanxanalar şəbəkəsi olanHunguest Hotels” də sərgidə iştirak edəcək.

   Sərgi çərçivəsində aprelin 6-da Kazan şəhərinin (Rusiya) turizm imkanlarının təqdimatı olacaq. Ənənəvi “workshop” isə aprelin 7-də təşkil olunacaq. Sərginin ilk iki günü yalnız turizm peşəkarları, aprelin 8-də isə geniş ictimaiyyət üçün açıq olacaq. Sərginin ziyarətçiləri yerində tur bron etmək imkanı əldə edəcəklər.

   Qeyd edək ki, sərginin təşkilatçıları “İteca Caspian” və onun tərəfdaşı “İTE Group” (Böyük Britaniya) şirkətləridir. AİTF sərgisi yarandığı vaxtdan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.9.