Ölkəmiz Tbilisidə dağ turizmi beynəlxalq konfransında təmsil olunub

 

 

 

   Aprelin 5-də Tbilisidə "Dağ turizminin davamlı inkişafı üçün innovasiya strategiyası" mövzusunda beynəlxalq konfrans işə başlayıb. Dünya Turizm Təşkilatının dəstəyi ilə keçirilən tədbirə 35 ölkədən nümayəndə qatılıb.

   Konfransın açılışında Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifahi, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili və başqaları çıxış edib, turizmin inkişafının vacibliyini qeyd ediblər. Bildirilib ki, turizmin inkişafı ölkələrin iqtisadi inkişafı ilə yanaşı, dövlətlərarası əlaqələrin genişlənməsində də mühüm rol oynayır. Çıxışlarda turizm bölgələrində tarixi, mədəni abidələrin mühafizəsinin, yerli insanların işlə təmin olunmasının, regionlar arasında münasibətlərin genişlənməsinin vacibliyi xüsusi qeyd olunub.

   Azərbaycanı konfransda Şahdağ Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov təmsil edib. O, jurnalistlərə müsahibəsində deyib ki, tədbirin məqsədi AvropaAsiya, eləcə də Cənubi Qafqaz ölkələrində dağ turizminin inkişaf perspektivlərini müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Eyni zamanda Azərbaycanın turizm imkanları, o cümlədən dağ turizmi barədə məlumat veriləcək.

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.9.