Bilik Fondu gəncləri “Dolufilminin yaradıcıları ilə görüşdürüb

 

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Dolu” bədii filminin nümayişi və yaradıcı kollektivlə görüş təşkil edilib.

   Yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında kinorejissor Elxan Cəfərovun çəkdiyi filmin nümayişi Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki Pedaqoji Kollecdə keçirilib.

   Tədbiri kollecin direktoru Qulu Novruzov açaraq mədəniyyətin təbliğat vasitəsi olaraq gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində böyük rolundan bəhs edib.

   Sonra kollecin müəllim və tələbə heyətinə film nümayiş olunub.

   Nümayişdən sonra çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ötən il aprel ayında baş vermiş hadisələri yaxın tariximizin şərəfli səhifəsi kimi dəyərləndirib. Bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini və əzmini göstərməklə işğal altında olan torpaqlarımızı qısa zaman ərzində azad etmək iqtidarında olduğumuzu bir daha təsdiqləyib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

   İcraçı direktor Fondun təşkilatçılığı ilə Pedaqoji Kollecdə yaradılan “Tələbə dram dərnəyi” barədə də danışıb. Bildirib ki, dərnək üzvlərinin Əməkdar artist Məmməd Səfanın rəhbərliyi ilə səhnələşdirəcəkləri tamaşalar ali təhsil müəssisələrində, regionlarda fəaliyyət göstərən Bilik evlərində də nümayiş olunacaq.

   SonraDolufilminin yaradıcı heyəti - ssenari müəllifi Aqil Abbas, əsas rolların ifaçıları Məmməd Səfa, Rza Rzayev, Şamil Süleymanov, Elvin Əhmədov, Cavanşir Hadıyev müəllim və tələbələrin filmlə bağlı suallarını cavablandırıblar. Tələbələrə Aqil Abbasın kitabları paylanıb.

 

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.10.