Opera Balet Teatrının solisti Belarus səhnəsində

 

 

   Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının aparıcı solisti, Əməkdar artist İnarə Babayeva aprelin 8-də Minskdə, Belarus Milli Akademik Böyük Opera Balet Teatrının səhnəsində çıxış edəcək.

   İnarə Babayeva italyan bəstəkarı Cüzeppe VerdininRiqoletto” operasında əsas rollardan birini - Cilda partiyasını ifa edəcək. O, səhnəni Riqoletto rolunun ifaçısı Vladimir Qromovla bölüşəcək. Bundan başqa, səhnə əsərində Hersoq rolunu ifa etmək üçün Lvov Milli Operasının (Ukrayna) solisti Mixail Malafiy dəvət olunub. Tamaşanın dirijoru italiyalı maestro Canluka Marçianidir. Qeyd edək ki, azərbaycanlı vokalçının iştirak edəcəyi tamaşa Belarusun görkəmli opera müğənnisi, Xalq artisti Yuri Bastrikovun xatirəsinə həsr olunacaq.

 

Mədəniyyət.- 2017.- 7 aprel.- S.11.