“Azərbaycan-Avstriya Turizm Proqramı”nın 10 illik yubileyi qeyd olundu

 

 

   Aprelin 7-də Bakıda “Azərbaycan-Avstriya Turizm Proqramı Azərbaycanda ilk ikili diplom proqramı təcrübəsi: nailiyyətlər və perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirildi.

   Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan TurizmMenecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə reallaşan konfrans “Azərbaycan-Avstriya Turizm Proqramı”nın (AATP) 10 illik yubileyinə həsr olunmuşdu. Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin rəsmiləri, tərəfdaş universitetlərin rəhbərlərinin və ölkəmizdə beynəlxalq proqramlar həyata keçirən ali təhsil müəssisələrinin rektorlarının iştirak etdiyi konfransda ötən müddət ərzində görülən işlər, reallaşdırılan layihələrdən söz açıldı.

  

   İkili diplomla dünyanın müxtəlif ölkələrində tapmaq mümkündür

  

   ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək bildirdi ki, Azərbaycan-Avstriya ikili diplom proqramı ölkəmizin təhsil sistemində ilk layihələrdən biridir: “Proqram üzrə indiyədək 143 bakalavr və 13 magistr olmaqla 156 azərbaycanlı gənc hər iki universitetin diplomunu alıb. Onlar hazırda beynəlxalq tələblərə cavab verən əmək bazarlarında layiqincə təmsil olunurlar, 50 nəfər 5 ulduzlu hotellərdə məsul vəzifələrdə çalışır”.

   Eldar Aslanov ATMU-nun Azərbaycan turizm sənayesi üçün kadrların hazırlanmasında önəmini vurğuladı. Qeyd etdi ki, bu ali məktəbin tələbələri turizm sənayesinin inkişafı baxımından dünyanın 7 qabaqcıl ölkəsində 22 həftəlik təcrübə keçirlər. O, proqramın həyata keçirilməsinin 10 illiyi münasibətilə ikili diplom alan tələbələrlə bağlı kitabın çap olunduğunu diqqətə çatdırdı.

   Konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Azərbaycan turizm sektorunda keyfiyyətin kadr təminatı” mövzusunda məruzəsi dinlənildi. Nazir bildirdi ki, “Azərbaycan-Avstriya Turizm Proqramı” üzrə məzun olmuş gənclər Azərbaycan turizm sənayesinə öz töhfələrini verməkdədir. Buna görə də bu proqram üzrə təhsil alan tələbələrin sayının artırılması vacibdir: “İkili diplom üzrə təhsil alan bizim məzunlar nəinki Azərbaycanın daxilində, eyni zamanda dünyanın müxtəlif ölkələrində rahat şəkildə yerləri tapa bilirlər. Bu diplomlar dünyanın bütün ölkələrində qəbul olunur. Mən özümxarici ölkələrə səfər edərkən İspaniyanın, Böyük Britaniyanın hotellərində bizim məzunlarımızın çalışdığının şahidi olmuşam. Bu bizim üçün olduqca qürurvericidir”.

   Əbülfəs Qarayev ölkəmizin turizm sənayesi üçün yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində həyata keçirilən layihələrdən danışdı. Qeyd olundu ki, Prezident İlham Əliyev tərəfindən turizm sahəsinə yüksək diqqət və qayğı göstərilir. Bu qayğı nəticəsində yaxın gələcəkdə turizm peşə məktəblərinin sayının çoxaldılması nəzərdə tutulub: “İkili diplom proqramında məhdud sayda tələbələr təhsil ala bilirlər. Lakin ikili diplom üzrə təhsil proqramı bütün universitetdə tətbiq olunur. Azərbaycanın turizm təhsili müəssisələri dünyanın bu sahədə ən qabaqcıl təhsil sisteminə uyğun olaraq öz fəaliyyətini davam etdirir. Xaricdə vaxtilə böyük turizm şirkətlərində çalışmış insanlarla yanaşı, ölkəmizin turizm sənayesində fəaliyyət göstərən ən təcrübəli insanlar da tədris prosesinə cəlb olunur. İndi Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan TurizmMenecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərir. Yaxın vaxtlarda Qusar və Masallı rayonlarında turizm peşə məktəbləri fəaliyyətə başlayacaq. Ümumilikdə isə 15 belə məktəbin yaradılması nəzərdə tutulur”.

  

   İlin ilk üç ayında Azərbaycana 544 min xarici turist gəlib

  

   Nazir bildirdi ki, dövlət başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar qeyri-neft sektorunun, o cümlədən turizm sənayesinin prioritet istiqamət kimi inkişafına töhfə verməkdədir. Bu ilin ilk üç ayında ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,9 faiz artım olub. Belə ki, 2017-ci ilin ilk üç ayı ərzində Azərbaycana 544 min xarici turist gəlib. Təkcə Novruz bayramı ərəfəsində İrandan ölkəmizə gələn turistlərin sayı 65 min nəfərə yaxın olub. Azərbaycan turizmi ölkənin ümumi daxili məhsulunda (ÜDM) 4 faiz paya malikdir. 2025-ci ilədək Azərbaycan turizminin ÜDM-in 8 faizini təşkil edəcəyi gözlənilir.

   Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycanda ali təhsildə beynəlxalq proqramların tətbiqi: nəticələr və perspektivlər” mövzusunda çıxış etdi. Ölkəmizdə təhsil sisteminin inkişafından danışan Mikayıl Cabbarov bildirdi ki, müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması əsas amildir: “Təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır. Hazırda ölkəmizin ali təhsil müəssisələrində Avropa Komissiyasının TEMPUS, ERASMUS+, HORİZON və digər təhsil proqramları çərçivəsində müxtəlif layihələr həyata keçirilir. Bu layihələr arasında Azərbaycanın bir neçə ali təhsil müəssisəsi ilə Avropa ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının işlənməsinə aid layihələr xüsusi yer tutur”.

   Avstriyanın İMC Tətbiqi Elmlər Universitetinin prezidenti Hans BoyerAvstriya universitetlərində ikili diplom proqramları və AATP təcrübəsi” adlı məruzəsində müasir təhsil sisteminin inkişaf istiqamətlərinə toxundu. O, rəhbəri olduğu ali təhsil ocağında turizmin tədrisinə həsr olunmuş təqdimatla çıxış etdi.

   Daha sonra tədbir çərçivəsində AATP üzrə təhsil alan 156 tələbə ilə görüş keçirildi, maraq doğuran mövzular müzakirə olundu.

   Qeyd edək ki, Azərbaycan-Avstriya ikili diplom proqramı 2007-ci ildən, Avstriyanın İMC Tətbiqi Elmlər Universiteti ilə birgə həyata keçirilir.

  

   Fariz Hüseynov

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.4.