“Sirlər xəzinəsi”nin növbəti tədbiri ustad xanəndəyə həsr edilib

 

 

 

   Ağcabədi rayon Mədəniyyət mərkəzində unudulmaz xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

   Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanası və Azərbaycan Milli Konservatoriyasının “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində reallaşıb.

   Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tədbirdə çıxış edərək, Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbi nümayəndələrinin rolundan, ölkəmizdə muğamın inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Ağcabədi Azərbaycan elminə, incəsənətinə, ədəbiyyatına, mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Onlardan biriustad xanəndə Yaqub Məmmədovdur.

   Milli Kitabxananın direktoru Kərim Tahirov “Sirlər xəzinəsi” layihəsi çərçivəsində ilk tədbirlərin dahi Məhəmməd Füzuliyə və görkəmli şairə Xurşudbanu Natəvana həsr edildiyini diqqətə çatdırıb.

   Yaqub Məmmədovun yaradıcılığı haqqında çıxış edən Xalq artisti Arif Babayev, Beynəlxalq Muğam Mərkəzinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı görkəmli xanəndənin Qarabağ xanəndəlik məktəbinin yetirməsi olduğunu, onun Seyid Şuşinskidən xanəndəlik sənətinin sirlərini öyrəndiyini, sənətdə öz ənənələrini yaratdığını, bütün muğam dəstgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bildiyini vurğulayıblar.

   Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri Ənvər Əhməd, rayon ziyalısı Əbülfət Tapdıqov, rayon ağsaqqalı Seyid Rasim xanəndə haqqında xoş xatirələrini danışıblar.

   Məclis boyu xalq artistləri Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Zabit Nəbizadə, əməkdar artistlər İlkin Əhmədov və Sevinc Sarıyeva sənətkarın repertuarından muğamlar və təsniflər səsləndiriblər. Həmçinin ağcabədili gənc müğənnilərin də ifasında muğam və təsniflər dinlənilib, Yaqub Məmmədovun lent yazıları səsləndirilib.

   İştirakçılar Milli Kitabxananın fondunda qorunan muğam haqqında, eləcə də Yaqub Məmmədovun həyat və yaradıcılığına dair kitablar, məqalələr və disklərdən ibarət sərgi ilə də tanış olublar.

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.5.