Ölkələrarası turizm turları hər iki tərəf üçün sərfəli olar

 

   Türkiyə Azərbaycanla birlikdə ölkələrarası turizm turları təşkil etməyi nəzərdə tutur. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi jurnalistlərə açıqlamasında deyib.

   Onun sözlərinə görə, birgə turlar Azərbaycan və Türkiyəyə qonşu və yaxın olan ölkələrə təşkil edilə bilər. Azərbaycan və Türkiyənin birgə turizm turuna Gürcüstan, Özbəkistan, Qazaxıstan, Rusiya əlavə edilə bilər: “Azərbaycanı mümkün olduğu qədər Türkiyədəki turizmə inteqrasiya etmək fikrimiz var. Məsələn, bu gün Mərkəzi Avropa, Aralıq dənizi və s. birgə turları var. Niyə Türkiyə-Azərbaycan-Gürcüstan, yaxud Türkiyə və Azərbaycanın digər ölkələrlə birlikdə turları olmasın?”

   İ.Çiftçi əlavə edib ki, ölkələrarası turizm turları hər iki tərəf üçün sərfəli olar. O bildirib ki, bu il Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi turizm sahəsində də yeni imkanlar açacaq: “Qatar turizmi çox gözəl turizm növüdür. Məncə, şirkətlər bu sahədə işə başlaya bilərlər”.

 

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.7.