Şabi” teatrı «Biri var idi, biri yox» söylədi

 

 

   Deyirlər ki, uşaqları aldatmaq olmur. Buna görə də hər şeyin ən yaxşısını onlara vermək lazımdır. Bir də deyirlər ki, böyüyə demək istədiyin söz ona çatmırsa, uşağa de. Əslində axırıncı fikir aprelin 7-dən 9-dək Bakıda qonaq olmuş Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının (Şimali Osetiyada bu teatrı daha çox «Şabi», yəni «Uşaq» adı ilə tanıyırlar) tamaşasına baxandan sonra formalaşır.

   Qarşılıqlı yaradıcılıq mübadiləsi proqramı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qonaq olmuş teatr Bakıya bir tamaşa ilə gəlmişdi. Oksana Rozumun səhnələşdirdiyi «Jili-bıli» («Biri var idi, biri yox idi») nağıl tamaşası 3 gün ərzində 12 dəfə göstərildi. Cəmi dörd iştirakçısı olan, çevik dekorasiyanın qurulduğu tamaşa bizim uşaqların da çox xoşuna gəldi. Aktyorlar Marat Dzqoyev, İrina Besolova, Zalina CiqkayevaAtzamaz Vasilyevin səhnə performansları, düşdükləri məzəli durumlar balaca tamaşaçıları xeyli güldürdü.

   Qastrolun ikinci günü, tamaşalararası fasilədə əsərin quruluşçu rejissoru Amzor Barakovla görüşüb həm «Şabi» teatrı barədə məlumat aldıq, həm də təəssüratlarını öyrəndik.

   - Nədənsə, sizin teatrın nə vaxtsa Bakıda çıxış etməsi yadıma gəlmir...

   - Sizə bir sirr açım. Bizim teatrın 78 yaşı olsa da, Rusiyadan kənarda qastrolda olmayıb. Düzdür, müxtəlif teatr festivallarında çox çıxış etmişik. Amma sırf qastrol olaraq, Bakıya ilk gəlişimizdir.

   - Elə isə, xoş gəlmisiniz. Bakını, bizim teatrı necə gördünüz?

   - Yaradıcı-texniki heyət cəmi 11 nəfərik. Hamımızın da Bakıya ilk gəlişidir. Düzdür, hələ çox gəzməyə imkan olmayıb. Sadəcə, hoteldən teatrın binasına fərqli yollarla gəlirik ki, nəsə görə bilək. Bakı çox gözəl, gəzməli şəhərdir. Sizin teatrda isə özümüzü lap evdəki kimi hiss edirik. Balaca tamaşaçıların da tamaşaya münasibəti ürəkaçandır. Fikir verirəm ki, öz aralarında Azərbaycan dilində danışan uşaqlar rus dilində oynanılan tamaşaya çevik reaksiya verirlər, deməli, artıq onlar iki dil bilirlər.

   - Bir qədər öz teatrınız barədə danışın.

   - Son illərə qədər «Şabi» kukla teatrı kimi fəaliyyət göstərib. Heç on il deyil ki, dramatik tamaşalar hazırlamağa başlamışıq. Bəzi aktyorlar üçün kuklaçılıqdan dram aktyorluğuna keçmək bir qədər çətindir. Amma inkişaf etmək, teatrı yeni müstəviyə çıxarmaq lazımdır.

   - Siz yalnız uşaqlar üçün tamaşa hazırlayırsınız? Axı, böyüklər də kukla teatrına həvəs göstərirlər...

   - Hələ ki, yalnız uşaqlar üçün. Teatrın repertuarında 30 tamaşa var, hamısı da müxtəlif yaş qrupuna aid uşaqlar üçündür. Vladiqafqazda hamı əmindir ki, bu teatr uşaqlar üçündür. Yəqin böyükləri cəlb etmək üçün fərqli yollar tapmaq lazımdır...

   - Belə başa düşürəm ki, teatrınız ikidillidir...

   - Düzü, əsasən rus dilində tamaşa oynayırıq. Bəzi tamaşalar isə doğma dilə dəstək proqramı çərçivəsində osetin dilində də səsləndirilir. Bayaq sizin uşaqların iki dil bilməsini nədən dedim? Çünki bizdə doğma dilini bilən osetinlər azdır. Şəxsən mənim ana dilimdəki söz ehtiyatım məişət səviyyəsindən yuxarı qalxmır.

   - Sizin tamaşanın sonluğundakı fikir məni tutdu: sadə xalq bağışlamağı bacarır, yetər ki, sən ondan üzr istəyib, günahlarından keçməyi xahiş edəsən...

   - Əlbəttə, uşaqlar və böyüklər görüb eşitdiklərinə fərqli yanaşırlar. Buna görə də bəzən sözü uşağa demək daha məsləhətdir...

   * * *

   Aprelin 9-da Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qastrolu başa çatıb. Gənc Tamaşaçılar Teatrından aldığımız məlumata görə, qastrolun bağlanış mərasimində teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov və baş rejissor, Əməkdar incəsənət xadimi Bəhram Osmanov qonaq teatra öz təşəkkürlərini bildirərək, yaradıcılıq uğurları arzulayıblar. M.Həmidov qonaqlara ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomunu və xatirə hədiyyələri təqdim edib.

   Təxminən on gündən sonra isə bizim teatr Vladiqafqaza gedəcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı gənc yazar Pərvin Nurəliyevanın «Dəcəl keçi» tamaşası ilə balaca vladiqafqazlıların qonağı olacaq.

  

   G.Mirməmməd

 

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.7.