Bütün dünya bir sərgidə

 

 

 

   “AİTF 2017” stendlərində dünyanın dörd yanına onlarla marşrut təklif olunurdu

  

   ... Belə deyirlər ki, ilk təəssürat güclü olsa da, gərək nəyinsə, kiminsə barəsində təəssüratlarını dərhal paylaşmayasan. Ki ilk təəssüratın çılğınlığı, bəzən isə hətta yanlışlığı obyektiv rəyə mane olmasın. Bu baxımdan 6-8 aprel tarixində Bakı Ekspo Mərkəzində keçirilən 16-cı Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisi (AİTF 2017) barədə təəssüratları, zənnimizcə, bölüşməyin vaxtıdır.

   Beləliklə, sərginin ikinci günü yolumuzu Bakı Ekspo Mərkəzindən saldıq...  

  

   Truskavesə kim gedəcək?

  

   Yazıçı Maqsud İbrahimbəyovun povesti əsasında çəkilmiş belə adda filmi bir vaxtlar televiziya ilə tez-tez göstərərdilər. Gülərüz Ukrayna gözəllərini, bu ölkənin stendini bəzəyən gözəl mənzərələri, bironun qarşısındakı qələbəliyi görüncə, bu sualı ürəyimdə təkrarlayıram. Çox yaraşıqlı bir xanım - Tatyana Qrısak Truskavesdəki «Karpatı» mehmanxana-kurort kompleksini təmsil edir.

   - Bizim kompleks Azərbaycanda çox məşhurdur. Sanatoriyamız isə təklif edilən xidmətlərin sayına və keyfiyyətinə görə Lvov vilayətindəki ən yaxşı müalicə ocaqlarındandır. «Karpatı» sanatoriyasında Ukrayna-Azərbaycan assosiasiyası da var. Artıq bu il Azərbaycandan 1500 nəfər «Karpatı»da dincəlib, sağlamlığını bərpa edib. Çoxları təkrar-təkrar Truskavesə gəlir. Yeri gəlmişkən, hazırda biz tərəfdə hava Bakıdakından istidir. Amma Bakı çox gözəl şəhərdir. Azərbaycana ilk gəlişim olsa da, əminəm ki, axırıncı olmayacaq.

  

   Hevizə gəl, Hevizə...

  

   Sağlamlıq baxımından XXI əsr insanının düçar olduğu bəlalar Azərbaycan əhalisindən də yan ötməyib. Hər il nə qədər insan şəkərli diabetdən, onurğa problemlərindən əziyyət çəkdiyi üçün daha yaxşı, həm də kimyəvi preparatlarsız müalicə ocağı axtarır. Sərgidə çoxumuzun tanımadığı Heviz gölü ətrafında yaradılmış sağlamlıq kompleksinə dair stend diqqətimizi çəkir. Macarıstanın eyniadlı şəhərciyi də elə Heviz gölünün ətrafında salınıb. Bizim üçün Macarıstan daha çox Balaton gölü assosiasiya olunsa da, Heviz gölünün suyu min dərdin dərmanıymış. Hələ eramızdan 2 min il əvvəl qədim romalılar Hevizin suyunda yuyunmaqla şəfa taparmışlar. Bütün bunları şəfa ocağının təmsilçisi Anastasiya Marofeyeva dedi:

   - Macarıstanda Azərbaycanı çox sevirlər. Əslində bizim sevgimiz qarşılıqlıdır. Təəssüf ki, burada da bizim potensial xəstələrimiz çoxdur. Buna görə də sizləri Macarıstana adi turist kimi yox, həm də müalicə məqsədi ilə gəlib şəfa tapan turist kimi görmək istəyirik. Heviz gölünün suyu iki termal bir mineral su mənbəyindən yaranır. Mağara dəliyindən vuran 38 42 dərəcədə isti, 19 dərəcədə mineral su bulaqları bir-birinə qarışaraq çox effektli təsir göstərir. Üstəlik, istirahət proqramı da elə qurulub ki, ilboyu Hevizdə keçirilən müxtəlif bayramlar, festivallar dincələnləri darıxmağa qoymur. 

 

  «Kuba libra» gözəl dadır!..

  

   Kuba Respublikasına həsr olunmuş stendin qarşısında yerli turoperatorlardan birinin yanında kubalı olduğu görkəmindən anlaşılan bir nəfər hər kəslə mehriban danışır. Demə, həmin şəxs elə Kubanın ölkəmizdəki səfiri Alfredo Fidel Niyeve Portuondo imiş. Səfirin rus dilində sərbəst danışması söhbətimizin asan tutacağına bir işarədir. Lakin cənab Portuondonun bir şərti var: əvvəlcə gərək onun şəxsən hazırladığı «Kuba libra» kokteylinin dadına baxasan. Rom, limon şirəsi, bir kola. Kola sevən olmasam da, kokteyli bəyənirəm. Adı isə lap gözəldir: «Kuba libra», yəni «Azad Kuba». İndi cənab Portuondo sualıma cavab verir:

   - Cəmi üç aydır ki, Bakıdayam. Amma bu müddətdə kubalılarla azərbaycanlıların oxşar cəhətlərini tapmışam: üzügülərlik, qonaqpərvərlik, temperamentli rəqsləri, bir dənizi sevmək! Bilirsiniz, siz , biz cənubluyuq. Cənubluların hamısında oxşar cəhətlər var. Mən öz ölkəmin Azərbaycanda, Gürcüstanda Türkmənistandakı rəsmi elçisiyəm. Azərbaycan Kuba arasında turist mübadiləsi aydan-aya artsa da, hələlik bu üç ölkə arasında Kubaya səfər baxımından birincilik Gürcüstandadır.

 

   Rus dili «Qağayı» İtaliyaya aparar...

  

   İtaliyanın «Larus Viaggi» tur-operatorunu AİTF sərgisinin veteranlarından hesab etmək olar. İlk sərgidən başlayaraq, Azərbaycanda davamlı təmsil olunan «Larus Viaggi İtaly» 1984-cü ildən dünya turizm bazarındadır. Şirkətin 1995-ci ildən Moskvada yaradılmış bürosu isə həm keçmiş ittifaq respublikalarının vətəndaşlarına xidmət edir. Bu səfərlərdə rusdilli bələdçilər öz qonaqlarını İtaliyada qəribsəməyə qoymurlar. Moskva bürosunun rəhbəri Olqa Sabaşkova deyir:

   - Təxminən on il olar ki, Azərbaycanın turoperatorları ilə əməkdaşlıq edirik. Artıq dostlaşmışıq. Əgər dünəndən etibarən birgə çalışdığımız insanlar yaxınlaşıb hal-əhval tuturlarsa, dost kimi görüşürlərsə, deməli, işimizi vicdanla yerinə yetiririk. Düzü, bizim xəttimizlə Azərbaycandan qədər insanın İtaliyaya getdiyini deyə bilmərəm. Moskva bürosu yalnız tur-operatorlar ilə işləyir səfərin məqsədindən asılı olaraq onları İtaliyadakı həmkarlarımıza yönləndirir.

  

   Bu arada öyrənirəm ki, larus italyan dilində qağayı, viaggi isə səyahət deməkdir. Maraqlıdır, görəsən, Adriatik, ya da Aralıq dənizi qağayıları Xəzər qağayılarına çox oxşayır?

   

   Turist axınından danışmaq hələ tezdir...

   

   Qırmızı rəngli sapla işlənmiş monoxrom milli naxışlı dəsmalları harada görsəniz, bilin ki, söhbət Belarus milli mədəniyyətindən gedir. Bu ölkənin stendinin qarşısında adam çoxdur. Həm bir neçə təşkilat böyük bir stenddə birləşiblər, həm sərgi ziyarətçilərinə səxavətlə şokolad, kolbasa qara çörəkdən buterbrod təklif edirlər. Belarus Həmkarlar İttifaqı Federasiyası «Belarus turist» turist-ekskursiya müəssisəsinin təmsilçisi Olqa Volşova:

   - Bakı mənim bütün gözləntilərimi üstələdi. Bu şəhərdə Şərq Qərb memarlığının tandeminə vurulmuşam. Yəqin ki, sərginin bağlanışından sonra Bakını yaxşı-yaxşı gəzəcəyik. Sovet İttifaqı dağılandan sonra bir-birimizdən çox aralandıq. Amma dövlət səviyyəsində dostluğumuz davam edir. Məncə, Belarus ilə Azərbaycan arasında turizm münasibətlərini inkişaf etdirməyə dəyər. Hər iki ölkədə qarşılıqlı tarixi, etno, eko, müalicəvi, mədəni turizm səfərləri üçün geniş imkanlar var. Düzdür, hələlik turist axınından danışmaq tezdir, amma, məncə, sərgi buna təkan verəcək biz növbəti sərgidə konkret rəqəmlər söyləyə biləcəyik.

   * * *

   ... Daha bir turizm səyahət sərgisi başa çatdı. Yəqin ki, oxucularımız da sərgidən götürdükləri prospekt bukletlərlə ötən həftəsonu rahat tanış olublar. Düzünü deyin, hara getməyi planlaşdırırsınız? Məsələn, mən Hevizə, bir Tailandın Pxuket adasına gedərdim. Birincidə səhhətimə yüngülcə əl gəzdirərdim. İkincidə isə... Düzü, Pxuketdəki kəpənək fermasını gəzmək, Kratxu bölgəsində milli parkda pələngləri sığallamaq təklifi məni yaman cəlb edir...

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 12 aprel.- S.9.