Qızıl Ordadan Azərbaycana sənət sovqatı

 

 

 

   Aprelin 12-də Azərbaycanda Qazaxıstanın Qızıl Orda vilayətinin mədəniyyət günləri başlandı. İki qardaş ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş mədəniyyət günlərinin açılış mərasimi Azərbaycan Dövlət Musiqili Teatrında gerçəkləşdi. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, digər rəsmilər iştirak edirdi.

   Qızıl Orda Vilayət filarmoniyası kollektivinin təqdim edəcəyi konsert proqramından öncə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Qızıl Orda vilayət hökumətinin katibi Naurızbay Baykadamov, Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev səhnəyə qalxdılar.

   Qonaqları Azərbaycan ictimaiyyəti, nazirliyin rəhbərliyi adından salamlayan Ə.Vəliyev söylədi ki, tarix boyu Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub. İki xalqın liderləri - ulu öndər Heydər Əliyev ilə Nursultan Nazarbayevin təməlini qoyduğu müstəqil dövlətlərin dostluğu və əməkdaşlığı bu günuğurla davam edir. Prezident Nursultan Nazarbayevin bugünlərdə - aprelin əvvəllərində Azərbaycana rəsmi səfəri isə həmin münasibətlərin uğurla davam etdirilməsinə sübutdur.

   Nazir müavini bildirdi ki, Qızıl Orda mədəniyyəti günləri Azərbaycanda ilk dəfə keçirilsə də, bizim mədəni əlaqələrimiz həmişə olub. Azərbaycan və Qazaxıstanın opera sənətçiləri qarşılıqlı olaraq opera tamaşalarında çıxış edir, qazax teatrlarında Azərbaycan dramaturqlarının əsərləri tamaşaya qoyulur, gənc qazax vokalçıları Bülbül adına beynəlxalq müsabiqədə uğurla çıxış edirlər.

   Qazaxıstan Respublikasının səfiri Beybit İsabayevsalona toplaşanları salamlayaraq, Qızıl Orda mədəniyyəti günlərinin açılışını elan etməkdən məmnun olduğunu söylədi: «Ümidvaram ki, bu hadisə bizim qardaş ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək, həm də zəngin qazax mədəniyyəti ilə ünsiyyət imkanı yaradacaq».

   Qızıl Orda vilayət hökumətinin katibi Naurızbay Baykadamov Bakıda və Şəkidə mədəniyyət günlərinin keçirilməsini dəstəklədikləri üçün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, TÜRKSOY təşkilatına minnətdarlığını bildirdi. Xalqlarımız arasında dostluğun qədim tarixindən, ortaq mədəni dəyərlərimizin mövcudluğundan söz açan cənab Baykadamov hədiyyə olaraq Dədə Qorqudun portretini nazir müavini Ədalət Vəliyevə təqdim etdi.

   * * *

   Sonra konsert başlandı. Qazax sənətçiləri 19 nömrədən ibarət geniş proqram hazırlamışdılar. Proqramda həm qazax milli musiqisi, həm müasir bəstəkarların əsərləri, rəqs nömrələri, eləcə də Azərbaycan və dünya musiqisindən seçmə nümunələr daxil edildiyindən salona toplaşanlar nəinki darıxmadılar, üstəlik, aparıcıların qazax milli musiqisi barədə verdikləri qısa məlumatlar hər kəsin təəssüratı ilə biliyini də artırdı.

   Qazax xalq çalğı alətləri təməl götürülərək qurulmuş orkestrdəki bir neçə beynəlmiləlləşmiş alətin - violonçel, qaboy, akkordeonun səsləri dombranın, kobızın (Dədə Qorqud qopuzunun varisi), şerterin incə səslənişinə bir akademizm əlavə edirdi. Bu fərqli səsləniş təkcə qazax xalq və bəstəkar mahnılarının deyil, solistlər Azərbaycan musiqisi incilərini - «Arşın mal alan» operettasından Əsgər ilə Gülçöhrənin dueti, «Sarı gəlin» xalq mahnısı, Müslüm Maqomayevin «Azərbaycan» nəğməsini ifa edərkən, eləcə də orkestr Qara Qarayevin «Yeddi gözəl» baletindən «Vals»ı çalarkən qulağa çox xoş gəlirdi. Klassik Avropa musiqisinə də müraciət edən orkestr K.Cenkinsin «Palladio» əsərini, solistlər isə C.Rossisinin «Neapol tarantellası»nı, J.Bizenin «Karmen» operasından Toreadorun ariyasını ifa etməklə əyalət səviyyəli musiqi kollektivi olmadıqlarını sübuta yetirdilər.

   * * *

   Aprelin 13-də N.Bekejanov adına Qızıl Orda Musiqili Dram Teatrı Mirzə Fətəli Axundzadənin «Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur» komediyası əsasında hazırladığı «Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən...» tamaşanı oynadılar. Tamaşa S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında göstərildi.

   Bu gün isə dağlar qoynundakı Şəki şəhəri qazax sənətçilərini qarşılayır. Axşam S.Rəhman adına Şəki Dövlət Dram Teatrında orkestrin konserti, sabah isə «Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən...» tamaşası böyük dramaturqun həmşəhərlilərinə təqdim ediləcək. Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstanın Əməkdar artisti Murat Axmanovun quruluş verdiyi tamaşanın məsləhətçisi Şəki Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

  

   Gülcahan Mirməmməd

  

Mədəniyyət.- 2017.- 14 aprel.- S.5.