Tanınmış şair mədəniyyət mərkəzinin qonağı olub

 

 

 

   Paytaxtın Pirallahı rayonundakı Vaqif Mustafazadə adına Mədəniyyət mərkəzində rayon rəhbərliyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nümayəndələri, idarə və müəssisələrin əməkdaşları və məktəblilərin iştirakı ilə tanınmış şair, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş keçirilib.

   Tədbirdə Baba Vəziroğlu yaradıcılığından söz açılıb. Bildirilib ki, o, ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyiBir yaz axşamı” hekayəsi ilə başlayıb. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Klassik rus şairlərindən tərcümələr edib. Yüzlərlə şeirinə mahnı bəstələnib.

   Görüşdə Pirallahı məktəblilərinin ifasında şairin şeirləri səsləndirilib. Əməkdar incəsənət xadimi Əbdül Mahmudov, Xalq artisti Mübariz Tağıyev, bəstəkar Sevinc Tofiqqızı çıxışlarında şairin nəsr və nəzm sahəsində qazandığı uğurlardan söz açıblar.

   Sonda rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov şairə fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.

 

 

Mədəniyyət.- 2017.- 14 aprel.- S.7.