Günəş qürub edən yer: "Sanset bulvarı"
...Teatr üçün teatr, aktyor taleyi həmişə
maraqlı olub. Oyun içində oyun qurmaq, səhnə içində səhnə
göstərmək meylinin
kökləri qədimdir.
Dünya
dramaturgiya tarixinin çox dərin qatlarına enməyib elə Şekspiri götürək. "Hamlet" faciəsindəki "Siçan
tələsi" kimi
klassik nümunə
var. Milli dramaturgiyamızda
Cəfər Cabbarlının
aktyor taleyini səhnədən göstərən
"Oqtay Eloğlu"su
var. Belə nümunələrdən
biri də Xalq yazıçısı
Elçinin “Sənətkarın
taleyi” pyesidir. Böyük aktyor Hüseyn Ərəblinskidən
bəhs edən əsər ötən mövsümdə S.Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaya qoyulub.
Bu gün
isə aprelin 16-da bu teatrda premyerası
baş tutmuş "Sanset bulvarı" tamaşası barədə
danışmaq istəyirik.
Tamaşa rus dramaturqu
Viktor Denisovun eyniadlı
pyesi əsasında hazırlanıb. Kinosevərlərin çaşqınlığını başa düşürük.
Elə ona görə də bəri başdan deyirik ki, V.Denisov bu
pyesi Billi Uaylderin məşhur filminin motivləri əsasında qələmə
alıb. “Oskar” ödüllü
filmin təsirindən
uzaqlaşmaq mümkün
olmadığı kimi,
tamaşanın janrı
da elə filminki kimi müəyyən
edilib: nuar. Fransız dilində qara mənasını verən
bu termin ötən əsrin
40-cı illərində Amerika
kinosunda populyar olan üsluba ad olaraq seçilib. Bu üslub üçün
kriminal süjet, qəhrəman və anti-qəhrəman arasında hüdudun silinməsi, bir qayda olaraq
səhnənin qaranlıq
olması səciyyəvidir.
Belə məlum olur ki, təkcə kino teatrdan bəhrələnmir,
teatr da kinodan nələrisə götürür. Yeri gəlmişkən,
tamaşanın quruluşçu
rejissoru, eyni zamanda quruluşçu rəssamı və musiqi tərtibatçısı
İlqar Safat həm də film çəkir.
Tamaşanın məzmunundan bəlli
olur ki, teatr bu əsərə
çox koloritli aktrisa, illərlə bu teatrda ən
gözəl qadın baş rollarını oynamış Xalq artisti Lüdmila Duxovnayanın yenə də öz parlaq istedadını nümayiş etdirməsi naminə müraciət edib.
...Ötən illərin, yəni Çarli Çaplin dövrünün, səssiz
filmlərin ulduzu, indisə tənha və unudulmuş zəngin qadın Norma
Desmond öz evində
xidmətçisi Maks
(Xalq artisti Yuri Baliyev) ilə birlikdə yaşayır. İllər öz işini görsə də, artıq Hollivudun Norma kimi aktrisalara tələbatı olmasa da, hətta onları məşhurlaşdıran
kino süjetlərinə
ehtiyac qalmasa da, Norma keçmiş əyyamların xəyalı
ilə yaşayır.
Hətta
onun üçün kiminsə ssenari yazmadığını görüncə
özü bu işə girişir.
Əfsanəvi qəhrəman, müasir
dramaturgiyada canalan qadın obrazının prototipi sayılan Salomeya haqqında ssenari yazır. Həm də 16-17 yaşlı Salomeya rolunda məhz özü çəkilməlidir. Təsadüfən Normanın evinə gələn gənc və hələ tanınmamış ssenarist
Co Gillis (Yaroslav Trifonov)
sönmüş ulduzun
bu arzusunu gerçəkləşdirməlidir. O, ssenarini tamamlayacaq: Norma ona yaxşı pul verib, özü
də Salomeya rolunda çəkiləcək,
nəhayət, Co da bu filmin, yəni
həm də Normanın sayəsində
məşhurlaşacaq.
Tamaşaçının sonradan nə vaxtsa məşhur kino rejissoru, həm də Normanın birinci əri olduğunu biləcəyi xidmətçi Maksın Normaya yalandan yazdığı pərəstişkar məktubları, kino şirkətindən etdiyi yalançı zənglər aktrisaya yaşam ümidləri versə də, onun sənət və qadınlıq ehtirasının girovuna çevirdiyi Conun həyatını məhv edir. Şöhrət naminə razılaşdığı alfons durumundan bezən Co həqiqəti çılpaqlığı ilə Normanın üzünə çırpır, sevdiyi ssenari redaktoru Betti Şefferin (Olqa Arsentyeva) təhqir olunmasına dözümsüzlük göstərir. Amma... amma tamaşanın janrı nuar, arzuları çiliklənən Norma Desmond olmasaydı, bəlkə də əhvalat başqa cür bitərdi. Belədə isə baş verənlər Coya həyatı bahasına başa gəlir.
Tamaşanı izlədikcə, hələ hadisələrin necə bitəcəyini bilmədiyim halda ağlıma belə bir fikir gəlirdi ki, Desmond soyadı despot sözünə yaman oxşayır. Əslində Normanın qurduğu dünyanın despotu da, bu despotun mütləq hakimiyyətinin ən böyük qurbanı da özüdür. Amma gözəl Lüdmila Duxovnayanın səhnə cazibəsi, tez-tez səhnəyə çıxmasa belə, korşalmayan aktyorluq məharəti səhnədən tamaşaçıya ismarış ötürür ki, belə bir despotizmin könüllü əsirliyə bərabər olmaq cəhəti də var. Co Normanın əsarətinə dözə bilməsə də, Normanın yanında Maks var. Normaya hətta söz demək haqqını itirmiş Maks bu qadının özü üçün seçdiyi tənhalıq məmləkətində yaşamaqdan usanmır.
"Sanset bulvarı" ekrandan səhnəyə köç etmiş nuar janrının tələblərinə tam cavab verir. Müzikl tərzində qurulmuş xoreoqrafik nömrələrdə çıxış edən aktrisaların hərəkət etdirdiyi ekran, bu ekranın kölgə kimi təqdim etdiyi təsvirlər, səhnədəcə qurulmuş sofitlər, bar vitrininin üstündə içki şüşələrinin böyründə sıralanan “Oskar” heykəlcikləri evin sahibəsinin hələ də ilğım kimi ötüb keçmiş şöhrətin ətəyindən möhkəm yapışdığına işarədir. Amma həyat buna dəyərmi?
Rus Dram Teatrı "Sanset bulvarı" tamaşası ilə son illər az-az görünən Lüdmila Duxovnayanı yenidən səhnəyə çıxardı və onun pərəstişkarlarını teatrın afişaları qarşısında ayaq saxlamağa vadar etdi. "Sanset bulvarı" maraqlı səhnə həlli, amansız sonluğu ilə həyatımıza çox bənzəyir.
* * *
Teatr üçün aktyor taleyi həmişə maraqlı olub. Heç uzağa getməyəcəyik. Sənət karyerasının qürub çağını yaşayan, səhnədən, ekrandan ayrı düşmək istəməyən, bir zamanlar uğurlu sənət karyerası qurmuş xanımların sənətdən uzaq, yeknəsəq günlərinə həsr olunmuş dörd tamaşa paytaxt teatrlarının repertuarındadır. Musiqili Teatrda İlyas Əfəndiyevin "Mənim günahım", Rus Dram Teatrında Noel Kauardın "Səna qızdırması" ("Bliss ailəsi") və Dövlət Yuğ Teatrında Vladimir Klimenkonun "Medeya. Sekvensiya 001" tamaşaları sənət Olimpindən enən aktrisaların taleyindən bəhs edir. İndi də "Sanset bulvarı" bu siyahıya qoşuldu. Çox deyilmi? Bəlkə bu da bir axtarışdı?
Gülcahan
Mirməmməd
Mədəniyyət.- 2017.- 19
aprel.- S.6.