Respublika festivalının qalibləri mükafatlandırılıb

 

 

 

   Aprelin 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalına yekun vurulub.

   BMA-nın məktəb-studiyasının bazasında - eksperimental laboratoriyasında keçirilən festivalın xüsusiyyəti ondan ibarətdir ki, iştirakçılar 8-12 dəqiqə ərzində Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərinin işləmələrini ifadan əvvəl müvafiq lad strukturunu nümayiş etdirməklə təqdim ediblər.

   Mərasimdə BMA-nın prorektoru Nərminə Quliyeva və akademiyanın professoru, Xalq artisti Xuraman Qasımova ikinci dəfə təşkil olunan layihənin əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, festival yetişməkdə olan musiqiçilər nəslinin ifa etdikləri əsərlərin lad strukturunu dərindən başa düşməsi üçün təşkil edilib.

   Dörd nominasiyada (fortepiano, simli alətlər, nəfəs alətləri, vokal) üzrə keçirilən festivala iştirak üçün Bakının və respublikanın 19 regionundan 100-dək iştirakçı qatılıb. İdeya müəllifi və rəhbəri professor Tərlan Seyidov olan layihənin qalibləri BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilib.

   Sonra qaliblərə diplom və fəxri fərmanlar təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 19 aprel.- S.6.