Ankarada Beynəlxalq türk dili və ədəbiyyatı simpoziumu

 

 

 

   Aprelin 17-18-də Ankara Qazi Universitetində professor Mehmet Fuad Köprülünün (1890-1966) xatirəsinə həsr olunmuş II Beynəlxalq türk dili və ədəbiyyatı təhsil simpoziumu keçirildi. Tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan, eləcə də uyğurbaşqa türk soylu alimlər qatılmışdı.

   SimpoziumdaTürkologiya ilə bağlı dərslik kitablarının yaradılması”, “Dilin tədrisində folklorun rolu”, “Xalq ədəbiyyatında terminlər problemi”, “Türkiyə-Qazaxıstan ədəbi əlaqələri”, “Bəlağətli mətn oxuma bacarığının aşılanması”, “Ədəbiyyatı estetik zövqlə təlim metodları”, “Universitetlərdə ortaq türk dili dərsi”, “Türk dillərinin öyrənilməsində xüsusi isimlərin rolu”, “Oğuz dil qrupuna aid türk dillərinin bənzər və fərqli tərəfləri və uyğunlaşdırma yolları”, “Rusiya imperatorluğunda türkologiyanın inkişafı”, “Osmanlıca necə öyrədilməli”, “Özbək dil və ədəbiyyat dərslərinin müntəxəbatına baxış”, “Türkmən ədəbiyyatında Baykara və Nəvai”, “Fuad Körpülü və Azərbaycan ədəbiyyatı”, “Azərbaycanlı albanların dilifolkloruna baxış”, “SSRİ dövründə türk dünyasının simvollarla anladılmasının Azərbaycan nümunəsi” və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

   Simpozium ümumtürk dünyası alimlərini bir araya gətirməsi və ortaq türk dəyərlərini birləşdirib dərslik yaradılmasına hazırlıq baxımından da əhəmiyyətli tədbir idi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 21 aprel.- S.12.