Xalq ruhu və yenilməzliyin sənət təcəssümü

 

 

   Koroğlu” operasının tamaşaya qoyulmasının 80 illiyinə həsr olunmuş sərgi

  

   Aprelin 21-də Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın ölməz sənət incisinin - “Koroğlu” operasının tamaşaya qoyulmasının 80 illiyinə həsr olunmuş sərgi keçirildi. Dastandakı yenilməz el ruhunun, xalq qəhrəmanının mərdlik və mübarizliyinin Üzeyir musiqisi ilə möhtəşəm təcəssümü olan opera 1937-ci il aprelin 30-da ilk dəfə nümayiş etdirilib. Operanın libretto müəllifləri Q.İsmayılov və M.S.Ordubadi olub. Koroğlu rolunu SSRİ Xalq artisti Bülbül ifa edib.

   Sərgidə 1938-ci ildə Moskva şəhərində keçirilmiş Azərbaycan mədəniyyəti ongünlüyü (dekadası) zamanı nümayiş olunanKoroğlu” operasının tamaşasından fotoşəkillər yer alıb. Eyni zamanda operanın ilk tamaşasının afişası və sonrakı illərdəki quruluşuna aid fotoproqramlar sərgilənir.

   Koroğlu obrazını müxtəlif illərdə ayrı-ayrı quruluşlarda canlandıran vokalçılar - Bülbül, Lütfiyar İmanov, Adil Məlikov, Samir Cəfərov, Ramil Qasımov, Həsən Enami, Nigar rolunun ifaçıları Gülarə İsgəndərova, Mariya Titarenko, Tatyana Bədirova, Fidan Qasımova və İlahə Əfəndiyevanın çıxışlarını əks etdirən fotoşəkillər sərgidə yer alıb. Eyni zamanda 2016-cı ildə TÜRKSOY-un layihəsi, Əməkdar incəsənət xadimi Əflatun Nemətzadənin rejissorluğu ilə Türkiyənin Mersin Dövlət OperaBalet Teatrının səhnəsində tamaşaya qoyulmuşKoroğlu” operasından fotoşəkillər də sərgidə təqdim olunur.

   Ziyarətçilərin sərgi ilə tanışlığı dahi bəstəkarın insan qəlbini riqqətə gətirən “Koroğlu” operasının uvertürası ilə müşayiət olunurdu.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 26 aprel.- S.15.