İfaçılıq sənətində özünəməxsus cığır

 

 

 

   Elə sənətkarlar var ki, sağlığında istedadı və məsuliyyəti ilə insanların dərin sevgisini, rəğbətini qazanır, adı dillərdə dolaşır. “Bəxtiyarı”, “Şəbnəmi”, “Arifikimi rəqslərin müəllifi, çoxsaylı bəstəkar və xalq mahnıları, eləcə də bir sıra təsnif və muğamların klarnetdə bənzərsiz ifaçısı kimi tanınan Şəmsəddin İmanov belə sənətkarlardan olub.

   Şəmsəddin (Şəmsi) İbad oğlu İmanov 2 iyul 1930-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Uşaq ikən valideynləri Bakının Əmircan kəndinə köçür. Kəndin musiqi mühiti onda musiqiyə maraq yaradır. Kənd Mədəniyyət evində göstərilən teatr tamaşaları, konsertlər onun musiqi zövqünü oxşayır və sənət təxəyyülünü formalaşdırır. Klarnet ifaçısı Kərim Şərifovdan sənətin sirlərini öyrənir.

   1950-1952-ci illərdə hərbi xidmətdə olan Şəmsəddin hərbi hissənin nəfəsli alətlər orkestrində çalışır, Zaqafqaziya ümumqoşun hərbi hissə musiqi kollektivləri arasında keçirilən müsabiqə və festivallarda uğur qazanır.

   Hərbi xidməti başa vurub Bakıya qayıtdıqdan sonra tanınmış klarnet ifaçılarından Suliddin İsmayılov, Nəsrulla Səmədov, Nadir Axundov, Bəhruz Zeynalovla tanış olur. Onların lent yazılarını dinləyərək çox şey öyrənir. İlk dəfə 1956-cı ildə radionun fondu üçün səs yazılışına dəvət alır. İfa etdiyiKolxoz rəqsi”, “Xançobanı” oyun havaları bəyənilir və fonda daxil edilir.

   Gündən-günə sənətdə püxtələşən Ş.İmanovun musiqi təhsili olmasa da, tanınmış sənətkarların ifaları onun üçün əsl məktəb olur. Məlahətli və oynaqlığı ilə seçilən ifalar qəlbləri oxşayır, müəllifinə şöhrət gətirir. O, 1957-ci ildə ikinci dəfə radioya dəvət olunur. “Bayatı-Şiraz” muğamı və “Vağzalı” havasının ifası ilə hər kəsi heyran edir. Radionun “qızıl fondunda sənətkarın müxtəlif illərdə lentə alınan “Tiflisi”, “Bakı”, “Qazağı”, “Tərəkəmə”, “Dostluq”, "Sülh” rəqsləri və digər oyun havaları, eləcə də özünün bəstələdiyi “Bəxtiyarı”, “Şəbnəmi”, "Mərdəkanı”, “Sabirabadı”, “Arifikimi rəqslər, bəstəkar və xalq mahnıları, “Çahargah”, “Segah”, “Bayatı-Şiraz” muğamları qorunub saxlanılır.

   Ş.İmanov 1960-cı ildə Dövlət Filarmoniyası nəzdində Ağası Məşədibəyovun rəhbərlik etdiyi “Azərbaycan təranələri” ansamblına solist-ifaçı kimi işə qəbul edilir. Dövrün ustad xanəndə-ifaçıları Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Şövkət Ələkbərova, Rübabə Muradova, Aşıq Pənah, Aşıq Şakir, İldırım Həsənov, Əlibaba Məmmədov, Canəli Əkbərov, Tələt Qasımov və digərlərini konsert və qastrol səfərlərində uğurla müşayiət edir.

   Görkəmli xanəndə-pedaqoq Seyid Şuşinski 1965-ci ildə son mənzilə yola salınarkən ondan bir muğam parçası çalmağı xahiş edirlər. Ş.İmanov göz yaşları içərisində “Segah” muğamını ifa edir. Bundan bərk təsirlənən Xan Şuşinski yanıqlı avazlaQarabağ şikəstəsi”ni oxuyur.

   1973-cü ildə ümumittifaqMelodiya” səsyazma studiyasında sənətkarın ifasında on iki musiqi nömrəsi vala köçürülür. Böyük tirajla SSRİ məkanında satışa çıxarılır. Əldən-ələ gəzən bu vallar ittifaqın sərhədlərini aşaraq bir çox ölkələrə yayılır. Bir sıra ərəb ölkələrinin mətbuatında onun mahir ifaçılığı yüksək dəyərləndirilir.

   Tanınmış sənətkarın ecazkar musiqisi təkcə el şənliklərində deyil, şəhərin park və xiyabanlarında da tez-tez səslənir. 1978-ci ildə Azərbaycan Konsert Birliyi yaradılarkən Ş.İmanovun çalışdığı “Azərbaycan təranələri” ansamblı da birliyin tabeliyinə verilir.

   1987-ci ildə ifaçının səhhətində müəyyən problemlər yaranır, əl barmaqları fəaliyyətindən qalır. Müalicə üçün Almaniyaya getmək lazım gəlir. Ancaq buna imkan olmur. O, bu çətinliyə görə heç kimi qınamır, alın yazısı olduğunu bildirir.

   O vaxtlar tanınmış tədqiqatçı alimyazar Rafael Hüseynov sənətkardan müsahibə alarkən ondan soruşub: - Əgər bir daha imkan olsaydı, son dəfə hansı əsəri ifa edərdiniz? O, fikirləşmədən “Sabah gəlin köçəcək qız-gəlinlərimizə “Vağzalı” çalardım”, - deyib.

   Azərbaycan rəqs və oyun havalarının mahir ifaçısı Şəmsəddin İmanov 3 iyul 1997-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 2 avqust.- S.15.