“Biz türk
dünyasının bir araya
gəlməsi xəyalı ilə yaşayırdıq”
“Bu gün
də bunun reallaşacağına inanırıq.
Tək dövlət, tək bayraq altında olmaq şərt deyil, amma nəticə etibarilə bərabər hərəkət etmək,
ortaq qərarlar qəbul etmək iqtisadi, siyasi, mədəni işbirliyinin
ilk mərhələsidir”
Ali Kınık
Türkiyədə və
türk dünyasında
geniş dinləyici auditoriyası olan istedadlı ifaçılardandır.
Adı Azərbaycan dinləyicisinə
də yaxşı məlumdur. Məşhur “Qurdlar vadisi”
filmi ilə yanaşı bir sıra seriallarda mahnıları səsləndirilib.
İfaçı olmaqla yanaşı,
həm də yazıçı, şair
kimi fəaliyyət göstərir. Esse və
şeirləri qəzet
və jurnallarda çap edilir. Yaradıcılığında türk dünyası
önəmli yer tutur. Onunla söhbətimiz də bu barədə oldu...
- Siz çoxyönlü yaradıcılığı
olan sənətçi
kimi tanınırsınız:
yazıçı, şair,
ifaçı. Maraqlıdır, onlar bir-biriləri ilə necə yola gedirlər?
- Zaman-zaman bir-birilərinə yardım
edirlər. Bəzən biri digərindən
önə çıxır.
İnsanlar məni ilk dəfə
şair kimi tanıyıblar. Amma son dönəmlərdə
ifaçılıq fəaliyyətim
daha çox önə çıxdı.
Onu da qeyd edim
ki, hiss etmədiyim bir şeyi yazmıram.
Bəzən kiçik bir
hadisədən, yolda yetim bir uşaq
görürsünüzsə, ondan belə çox fərqli bir ruh halına
gəlirsiniz. Yazmaq üçün
bir səbəb olur, əlbəttə.
Bəlkə yazmağa başladıqdan
sonra nəticə sizin belə təxmin etmədiyiniz nöqtələrə gəlir.
Amma bu vəziyyəti bir açar olaraq xarakterizə edə bilərəm.
- Ancaq mənə elə gəlir ki, dildən-dilə gəzən,
çevrilən şeirlərinizlə
daha çox tanınırsınız. Bildiyim qədər,
sizin haqqınızda Hüseyn Nihal Atsız kimi türk milli şairlərinin ruhunu müasir dövrdə ən yaxşı yaşadan şair olduğunuzla bağlı fikirlər də səslənir. Bu fikirlərə münasibətiniz
necədir?
- Bilirsiniz, türk şeirinin ənənəvi qəlibləri,
formaları var. Bu formaları
da biz gələcəyə
ötürməyə borcluyuq.
Bu, eyni zamanda
mənim aldığım
təhsillə də əlaqədardır. Divan ədəbiyyatında öyrəndiyimiz
klassik türk şeirini, xalq şeirini, təsəvvüf
şeirini, türk dünyasının şeirlərini
az-çox öyrənməyə,
oxumağa çalışmışam.
Bunlar da təbii ki,
yazdığım şeirlərə
təsirsiz ötüşməyib.
Türk ədəbiyyatını çoxlu
mütaliə etməyimin
təsirləri də
özünü göstərir.
Uşaq vaxtlarımdan çoxlu kitab oxuyardım. Bu isə məni
ədəbiyyat sahəsində
ayrıca bir istiqamətdə formalaşdırıb.
Çünki yazdığınız əsərləri yalnız
duyğularınızla yazmağa
çalışsanız, kimlərisə
təkrar edəcəksiniz.
Söz sərhədiniz müəyyən
olduğu üçün
qəliblərin xaricinə
çıxmaq imkanınız
olmaz. Bu mənada ədəbiyyat oxumanın mənim üçün bu üstünlükləri oldu.
Belə olduqda həm yazdığın şeirləri,
həm də esseləri bir üst səviyyəyə
çıxarmaq şansınız
olur.
- Yəqin ki, ifaçı olmanız da kiminsə təsirindən
qaynaqlanır?
- Türk mədəniyyəti çox
güclüdür. Uşaqlığımdan bəri türk xalq musiqisi başda
olmaqla hər növ musiqini dinləməyə, bu sahədəki yenilikləri
izləməyə çalışıram.
Gənclik mərhələsinə keçdiyim zaman ifasını çox bəyəndiyim sənətçilər
vardı və buna görə də fərqli-fərqli məqamlara toxuna bilərəm. Amma bir sıralama etmək mənim üçün çətindir. Misal üçün,
o dövrlərdə olduğu
kimi, bu gün də Müslüm Gursəsin çox yaxşı bir sənətkar olduğunu düşünürəm.
Türk xalq musiqisinin Aşıq Veysəl kimi şairlərin yaradıcılığını yaxından izləyərdim.
Adını çəkmədiyim çox belə sənətçilər var.
- Maraqlıdır,
bir sənətkar kimi həyatda missiyanız nədir? Özünüzə nəyi hədəf
seçibsiniz?
- Tarixdən aldığımız mədəniyyətin
üzərinə bir parça da qoyub gələcək nəsillərə ötürülməsi.
Digər
tərəfdən, hər
bir insanın öz bacarığına
görə millətinə
bir xidmət borcu var. Biz sənətçilər
də öz bacardığımızla millətə
xidmət edir, borcumuzu ödəməyə
çalışırıq. Atalarımızdan, keçmişimizdən aldığımız mədəniyyəti
davam etdirib, özümüzdə olanı
da əlavə edərək sonrakı nəsillərə çatdırmaq.
Mənim
həyat missiyam bundan ibarətdir.
- Türk dünyası, turançılıq
məfkurəsinə baxışınız
necədir?
- Uşaqlıq
illərimizdən bəri
fikir dünyamız belə formalaşdı:
biz bütün türk
dünyasının bir
araya gəlməsi xəyalı ilə yaşadıq və bu gün də
bunun bir fikir olaraq reallaşacağına
inanırıq. Tək bir
dövlət, tək bir bayraq altında
olmaq şərt deyil, amma nəticə
etibarilə bərabər
hərəkət etmək,
ortaq qərarlar qəbul etmək iqtisadi, siyasi, mədəni işbirliyinin
bəlkə də birinci mərhələsidir.
Yəni ən azından indilik belə olacaq. Bizim fikir dünyamız budur: dünyanın harasında bir türk varsa, o bizim qardaşımızdır.
Dövlətlərin coğrafiyası
fərqli ola
bilər, amma əsas millətlərdir.
Yəni mən məsələyə
bu çərçivədən
baxıram.
- Siz həm də mahnılarınızı sazla
ifa edirsiniz. Bu sahədə özünüzü
peşəkar sayırsınızmı?
- Saz bizim üçün çox önəmli bir musiqi alətidir
və ona görə də konsertlərdə ifa edirəm. Sazla çoxlu konsertlər
vermişəm. Daha sonralar
konsertimdə başqa
musiqi alətləri ifa edilsə də, mən özüm yenə sazda ifa edirəm.
- Yazıçı
kimi hansı mövzulara daha çox müraciət edirsiniz?
- Jurnal və qəzetlərdə
esselər yazdım. Amma mövzuları fərqli idi. Məsələn, milli məfkurəni,
ideologiyanı əks etdirən məqamlar, bəzən də şəxsi düşüncələrimi
əks etdirən yazılar olurdu. Amma son illər işin çoxluğundan yazıçılıq
fəaliyyətimi davam
etdirə bilmirəm.
- Azərbaycandan
hansı şair və ifaçıları
tanıyırsınız, yaradıcılığını
izləyirsiniz?
- Şairlərdən
Şəhriyar, Almas İldırım, Bəxtiyar
Vahabzadə, Məmməd
Aslan və başqalarını qeyd edə bilərəm.
Araz Elsəs, Şəmistan Əlizamanlı
kimi sənətçiləri
tanıyıram. Onları dinləyirəm
və bəyənirəm.
- Repertuarınızda, Azərbaycan da daxil olmaqla, digər türk boylarından olan xalqların mahnısı yoxdur. Türk dünyasını sevən biri olaraq nədən sadəcə Türkiyə türkcəsində ifalar edirsiniz?
- Əgər diqqətlə baxsanız, görərsiniz ki, Türkiyədə də müxtəlif şivələr var. Məsələn, Qara dəniz, Egey və başqa şivələr. Qara dəniz şivəsi ilə ifa etsəm, bu fərqli bir ifa olar. Mən mahnılarımı Türkiyə türkcəsi ilə söyləyirəm. Amma hər kəs bilir ki, son nəticədə turançıyam. Qazaxıstanda da turançı musiqi qrupları var, amma onlar da qazaxca mahnılar oxuyurlar. Məncə, hər kəs olduğu yerdə bunu edərsə, yaxşı olar. Türkiyədə türk millətçiliyi fikrinin yüzillik tarixi keçmişi var. Turançılığın başına hətta Ənvər paşanı daxil edə bilərik. Türk dünyası Sovet İttifaqının işğalı altında olanda da türk milliyyətçiləri hər zaman belə düşünüb. Alparslan Türkeş bu məsələlərə çox hakim idi. Davamlı olaraq türkçülüyü, türk dünyasını xatırladırdı. 60-cı illərdə sovetlərin dağılacağına heç kimin inanmadığı bir vaxtda Hüseyn Nihal Atsız yazırdı ki, Sovet İttifaqı güclü bir boksçudur, amma ürək xəstəliyi olan boksçudur. Nə zaman yıxılacağı bəlli olmaz. Bir gün sovetlər dağılacaq və türk dünyası da müstəqilliyinə qovuşacaq.
- Bəs siz bu gün türk dünyasını necə görürsünüz?
- Türkiyədə 50 ilə yaxın bir dövrdə türkçülüyə bir ictimai, sosial təzyiq olub. Məsələn, Nihal Atsızın mühakimə olunması və s. məqamları göstərə bilərəm. Biz - dünyanın müxtəlif yerlərində yaşayan türklər olaraq eyni millətik. Sadəcə olaraq, eyni millətlərin fərqli dövlətləri var. Məsələn, Azərbaycanın güclü olması Türkiyənin güclü olmasıdır, Qazaxıstanın güclü olması eyni zamanda Türkiyənin də güclü olması deməkdir. Mənim türk dünyası və turançılığa baxışım belədir. Türk dövlətlərinin maraqları həm də bir-birinin marağıdır. Mən heç vaxt Türkiyə ilə digər türk dövləti arasında hansısa problemlər olduğu zaman “Türkiyə qazansın, onun sözü keçsin” deyə, düşünmürəm. Çünki biz eyni millətik. Baş verən proseslər onu göstərir ki, xalqlarımız bir gün real olaraq türk birliyini quracaqlar. Avropa İttifaqı kimi bir təşkilati birlik türk dünyasının da hədəfi olmalıdır.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2017.- 2
avqust.- S.12.