Dahi sənətkarın doğum günündə xatirəsi anılıb

 

 

              Müslüm Maqomayev harada olmağından asılı olmayaraq hər zaman Azərbaycanın adına şərəf və qürur bəxş edib

  

   Dünya şöhrətli müğənni, bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 75-ci ildönümü münasibətilə avqustun 17-də Fəxri xiyabanda, sənətkarın məzarı başında xatirə mərasimi keçirilib. Mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Müslüm Maqomayevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, XX əsr Azərbaycan musiqi tarixinin görkəmli nümayəndələrindən olan Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycanda ilk musiqi təhsili, daha sonra konservatoriyada peşəkar musiqi təhsili alan Müslüm Maqomayev harada olmağından asılı olmayaraq hər zaman Azərbaycanın adına şərəf və qürur bəxş edib. Hər zaman öz qızıl səsi ilə Azərbaycana və keçmiş Sovet İttifaqına başucalığı gətirib, çoxlu sayda beynəlxalq müsabiqələrin laureatı adını qazanıb. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün bir il müddətində İtaliyada olub.

   Müğənninin musiqi sənətinə verdiyi töhfələrdən söz açan Ədalət Vəliyev bildirib ki, Müslüm Maqomayev Amerikadan Yaponiyaya qədər müxtəlif ölkələrdə sovet musiqisini, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini təbliğ edib və milyonların sevimlisinə çevrilib. 1973-cü ildə ona SSRİ Xalq artisti adı verilib. O, bu yüksək fəxri ada layiq görülmüş ən gənc sənətkarlardandır.

   Bildirilib ki, M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı Azərbaycan Dövlət Estrada Simfonik Orkestrinin bədii rəhbəri olub. O, həmçinin rejissor Eldar QuliyevinNizami” filmində yaratdığı Nizami obrazı ilə kinosevərlərin xatirəsində qalıb.

   Ə.Vəliyev qeyd edib ki, M.Maqomayev həm yaradıcılıq nöqteyi-nəzərdən, həm də şəxsi həyatı baxımından hər zaman ulu öndər Heydər Əliyevin diqqətində olub. Onun yaradıcılığı üçün Azərbaycanda hər cür şərait yaradılıb. Unudulmaz sənətkarın milli musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib, o, müstəqil Azərbaycanın ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Prezident İlham Əliyev 2017-ci il iyulun 31-də Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində dahi sənətkarın 75 illiyi silsilə tədbirlərlə qeyd olunacaq. Təntənəli yubiley tədbiri isə oktyabr ayında Bakıda keçiriləcək.

   Mərasimdə iştirak edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, Müslüm Maqomayev Azərbaycanın böyük oğludur və Azərbaycan onunla fəxr edir: “O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı. O, öz yaradıcılığı, musiqisi, fəaliyyəti ilə Azərbaycan və Rusiya əlaqələrinə xidmət edib. Bizim ölkədə Müslüm Maqomayevi çox sevirlər. Televiziya kanallarında onun yubileyi ilə əlaqədar verilişlər yayımlanır. O, bizim mədəniyyətimizin bir hissədir”.

   Xalq artisti, kinorejissor Eldar Quliyev, xalq rəssamları Ömər Eldarov və Fərhad Xəlilov çıxış edərək bildiriblər ki, Müslüm Maqomayev qeyri-adi insan idi. Onu canlı gördükləri və dinlədikləri üçün özlərini xoşbəxt sayan natiqlər vurğulayıblar ki, M.Maqomayevin bənzərsiz yaradıcılığı insanların qəlbində silinməz izlər qoyub.

   Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya bildirib ki, artıq 9 ildir Müslüm aramızda yoxdur. Ancaq insanların ona olan sevgisi azalmayıb. İllər keçdikcə insanlar onu daha çox qiymətləndirirlər. Onun səs tembrində sevgi, ləyaqət, düzgünlük, dostluq, mərdlik vardı. Ona görə də o hər kəsin qəlbində yaşayır.

   Tamara Sinyavskaya gənc nəslə Müslüm Maqomayevin səs yazılarına qulaq asmağı məsləhət görüb.

 

Mədəniyyət 2017.- 23 avqust.- S.7.