Sakit mövsümdə doğulan müdrik cavan
Sənət aləmində sakit mövsüm adlanan dönəmin varlığı çoxdan bəllidir. Avqust ayında sənət adamlarının istirahət etməsi ənənəsinin nə vaxt harada yarandığını deyə bilmərəm. Amma az qala bütün dünyada belədir: avqust ayında teatr mühiti dincəlir. Bu üzdən də avqustda doğulan görkəmli teatr sənətçilərinin doğum gününü bir qədər gec qeyd etməli olursan. Bu sicilləmə girişi ona görə yazdım ki, uzun illərdən bəri dost olduğum bir insana təbrik yazısının düz on gün gecikməsinə haqq qazandırım...
Avqustun 13-də görkəmli teatr rejissoru, Xalq artisti, professor Azərpaşa Nemətovun 70 yaşı tamam oldu. Azər müəllimin indiyədək gördüyü işləri xatırlayırsan, qoyduğu tamaşaları xatırlayırsan, - deyirsən ki, hə də... bu qədər işi, nailiyyəti, bu sayda tamaşaya quruluş verməyi elə 70 illik ömrə güclə sığışdırarsan. Digər tərəfdən də onun enerjisinə, rəhbərlik etmək əzminə, quruluş vermək istədiyi əsərlərin sayına, bir sözlə, yaratmaq eşqinə nəzər salırsan, deyirsən ki, yox, 70 yaşlı adam belə olmur axı. Amma fakt faktlığında qalır: Azər müəllim 7 onilliyin dizini qatlayıb. Üstəlik, heç özü də bilmədən yaşca özündən kiçiklərə, ayağına dəyən daş-kəsəkdən usanıb geriləmək niyyətinə düşənlərə örnək verir ki, XXI əsrdə 70 yaşlı teatr rəhbəri, ittifaq sədri, bir sözlə, yaradıcı şəxs elə onun kimi olmalıdır: işgüzar, qərarından dönməz, enerjili. Canına şığıyan xəstəliklərə, mənəvi basqılara rəğmən ayaq üstə qalmağı bacaran müdrik cavan.
Azər müəllim sənətkar ailəsində dünyaya gəlib. Neçə aktyor nəslinə sənət müəllimliyi etmiş, Gənc Tamaşaçılar Teatrının qızıl dövrü kimi sənət tariximizə yazılmış 1950-60-cı illərdə bu sənət ocağının baş rejissoru olmuş Zəfər Nemətovun oğludur. İndi deyərsiniz ki, ağlı kəsəndən teatra gedib-gələn uşağın, üstəlik, Zəfər müəllim kimi rejissorun oğlu təbii ki, teatrla bağlı sənət seçəcək, onda irsən keçən istedad da olacaq. Amma hər şey göründüyü kimi deyil. Bu günün görkəmli rejissoru Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alıb. Sonra da konservatoriyada, həm də bəstəkarlıq ixtisası üzrə, özü də dünya şöhrətli Qara Qarayevin sinfində təhsil alıb. Düzdür, tələbə kimi bəstələri gələcək uğurlardan xəbər versə də, gənclik maksimalizmi və çılğınlığı özünü çox gözlətməyib. Yazımızın qəhrəmanı özünü gələcəyin bəstəkarı yox, rejissoru kimi görüb və həyat yolunda açdığı cığırın istiqamətini dəyişib: o zamankı Teatr İnstitutunun Rejissorluq fakültəsinə daxil olub, görkəmli rejissor Mehdi Məmmədovun sinfində oxuyub. Ta odur-budur, 1965-ci ildən üzü bəri milli teatr prosesinin içində, hətta çox məqamlarda önündədir.
Azər müəllim əsl teatr adamıdır. Teatrda baş rejissor kimi çalışdığı illərdə də, bu canlı orqanizmdən bir qədər aralı düşüb Azərbaycan Teatr Xadimləri İttifaqında çalışdığı, universitetdə dərs dediyi, teatrda yalnız öz quruluş verdiyi tamaşaların məsuliyyətini daşıdığı illərdə də onu düşündürən Böyük Teatr olub. Çünki Azərpaşa Nemətov təkcə uğurlu tamaşaları olan rejissor deyil, öz dəst-xətti ilə məktəb yaradan rejissordur.
Bütün rejissorlar
kimi onun da sevimli aktyorları
var. Bəzən isə
digər rejissorların
sevimli aktyoru kimi tanıdığımız
məşhura elə rol verib, onu
yaxşı tanıyan
tamaşaçı ilə
yenidən fərqli tərzdə tanış
edir ki, özlüyündə çaşıb
qalırsan: əcəba,
nədən indiyədək
bu sənətçinin
performans imkanlarını
bu yöndən bizə göstərən
olmamışdı?! Böyük
də çıxsa, deyəcəyəm: bundan ötrü hansısa aktyorun, aktrisanın xətrini çox istəmək yox, Teatrı, bir də bu sənət
məkanına gələn
Tamaşaçını çox
sevmək lazımdır.
Ola bilər ki,
ilk baxışda, ya da kənardan nəzər salanda bu cür rejissor
heç də teatr məhəbbətlisi
təsiri bağışlamasın.
Amma gərəkdir ki, sən onun
görünüşünə, bəzən bir qədər sərt davranışına, bir azca da kəskin
münasibətinə aldanmayasan,
içindəki Böyük
Teatr Sevgisini görə biləsən!..
Bütün yaxşı müəllimlər
kimi onun da öz tələbələrinə
can yanğısı ilə
yanaşması var. Tələbələrinin
təkcə yaxşı
sənətçi kimi
yetişməsi ilə
kifayətlənmək istəmir.
Bir gün sənətdəki
ön mövqeləri
onlar tutacaq deyə, gəncləri daha çox oxumağa, öyrənməyə,
zəhmətə alışdırmağa
çalışır. Nəsə ürəyincə olmayanda
da müəllim kimi yox, valideyn
kimi narahat olur. Tələbələrinin ən azından
universitetdən humanitar
savadlı, geniş dünyagörüşlü şəxs
kimi ayrılmağını
istəyir.
Bütün teatr rəhbərləri kimi onun da
öz idarəetmə
üslubu var. Tabelikdə
olanlar bu üslubu bəyənsələr
də, yarıxoş,
yarınaxoş qəbul
etsələr də, Azərpaşa Nemətovun
intizam tələbi, böyük kollektivin fəaliyyətinin axarını
təmin edən sığallanmış iş
metodu yenə də Böyük Teatrın xeyrinədir.
Bütün tanınmış sənət
adamları kimi onun da... Yazacaqdım ki,
öz sevimli jurnalistləri var. Amma buna tam əmin deyiləm. Çünki
otuz illik sənət dostum, böyük qardaş qədər xətrini əziz tutduğum Azər müəllimin hansısa tamaşasını
çox bəyənsəm
də, az bəyənsəm də, hətta bu fərqli
münasibəti yazı
formasında paylaşsam
da, şəxsi münasibətimizdə qarşılıqlı
olaraq heç sapıntı görməmişəm.
Əslində, dost dediyin
kəs də səni hər halınla sevən, hər ovqatınla qəbul edən, hər sözünü dinləyən biri olmalı...
* * *
... Deyəsən, may ayı idi. Azər müəllimlə
teatrdakı kabinetində
əyləşib söhbət
edirdik. Söz fırlanıb yaşanmış
illərə, sənətə
xidmətə çatanda
dedi ki, iki-üç aydan sonra 70 yaşı tamam olacaq. Təəccübümdən
çayım boğazımda
qaldı:
- Doğrudan, Azər müəllim?.. Yetmiş də gəlib çatdı?..
- Hə... Nədi ki, vermirsən bu yaşı mənə?
- Yox... Yəni əslində sizin 70 yaşınızın olduğuna
inanmaq özümün
də nə qədərsə yaşım
olduğunu qəbul etmək demək sayılır.
Bu yerdə
ikimiz də güldük. İndi teatr
aləminin sakit mövsümü başa çatmamış Azərpaşa
Nemətovun 70 yaş törəninin yeni teatr mövsümündə
necə keçiriləcəyi
barədə heç
nə deyə bilmərəm. Bu yubiley münasibətilə
ən böyük hədiyyəsini ölkə
başçısı İlham
Əliyevin sərəncamı
ilə artıq alıb, «Vətənə
xidmətə görə»
ordeni ilə təltif edilib.
* * *
...Bu yazı isə mənim yubilyara hədiyyəmdi. Həm öz adımdan, həm də çalışdığım sənətsevər «Mədəniyyət» qəzetinin adından. Necə deyərlər, jurnalistin olanından... Düzünü deyim ki, mən əsl yubiley hədiyyəsini Azər müəllimin özündən istəyirəm: yeni, səs salacaq tamaşa gözləyirəm müdriklik yaşına çatmış cavan dostumdan.
Gülcahan
Mədəniyyət
2017.- 23 avqust.-
S.6.