Unudulan pyesin məşhur
kino taleyi
Dünya kinosunda nəsr
əsərinin motivləri
əsasında lentə
alınan, ya da hazır dramaturji
materialdan bəhrələnərək
çəkilən yüzlərlə
filmin adını çəkmək olar.
Elə Azərbaycan bədii kinosunun tarixi də mövcud pyes və povestlərin
lentə köçürülməsi
ilə başlayır.
Ötən il 100 yaşı
tamam olmuş «Neft və milyonlar
səltənətində» filmi
İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında lentə alınıb, yenə də ilk səssiz filmlərimizdən
sayılan birinci «Arşın mal alan» və onun sonrakı
kino həlləri Üzeyir Hacıbəylinin
eyniadlı dünya şöhrətli operettasının
ekran variantıdır.
Maraqlıdır ki, əgər «Neft və milyonlar səltənətində» povesti
bitkin süjet xəttinə və aktual mövzusuna baxmayaraq, bir nəsr nümunəsi kimi layiq olduğu
qədər şöhrət
qazanmadısa (1980-ci ildə
bu povest əsasında çəkilən
«Qızıl uçurum»
filmi isə mükəmməl ekran işi, aktyor oyunu, o zamankı ümumittifaq kino festivallarında uğurları
ilə yadda qaldı), Üzeyir bəyin «Arşın mal alan»ı və eləcə də «O olmasın, bu olsun» musiqili komediyaları, çox uğurlu ekran həyatı ilə bərabər, Azərbaycanda,
eləcə də yaxın-uzaq xaricdə hər yeni səhnə
təqdimatı ilə
də həmişə
rəğbətlə qarşılanır.
…Amma dünya kinosu kimi, milli kino
tariximizdə də elə nümunələr
var ki, onların
ekran həyatı daha yaddaqalan və populyar olub, nəinki səhnə ömrü. Bu yazıda elə
əsərlərdən birindən
bəhs edəcəyik.
«Bahar» adı ilə səhnəyə çıxan
qəhrəmanlar
1940-cı il oktyabrın 10-da o zamankı M.Əzizbəyov
adına Azərbaycan Dövlət Dram Teatrında
gənc tədqiqatçı
və yazar Məmmədhüseyn Təhmasibin
«Bahar» pyesinin premyerası baş tutdu. Pyesə Ələsgər Şərifov quruluş vermişdi, rəssamı Nüsrət Fətullayev,
geyim rəssamı Bədurə Əfqanlı,
musiqi müəllifi Səid Rüstəmov idi. Artıq bir neçə il sonra
Azərbaycan teatrının
sütunları kimi tanınacaq bu yaradıcı heyətin hazırladığı tamaşada
əsas rollarda çox istedadlı aktyorlar çıxış
edirdilər. Sona Hacıyeva, Barat Şəkinskaya,
İsmayıl Dağıstanlı,
Ağasadıq Gəraybəyli,
Hökumə Qurbanova,
İsmayıl Osmanlı,
Abbas Rzayev, Əli Sultanov, Əli Qurbanov, Həsənağa Salayev...
Pyes asayiş keşikçilərinin
- cinayət axtarışı
əməkdaşlarının fəaliyyətindən, uşaq
ikən təsir altına düşərək
oğrulara qoşulmuş
bir gəncin və onun «iş
başında» olarkən
qarşılaşdığı şahidin - aradan götürmək istəyərkən
şikəst etdiyi gənc qızın taleyindən bəhs edirdi. Pyesdə kifayət qədər
dramatik məqamlarla zəngin bir süjet xətti izlənirdi. Mərhum teatrşünas
İnqilab Kərimovun
şahidliyinə görə,
bu pyes o zaman heç də birmənalı qarşılanmamışdı. Oğrunun öz qurbanına aşiq olması, üstəlik, qurbanın da bilməyərəkdən
ona rəğbətlə
yanaşması, müstəntiq
qardaşın riskə
gedərək canini öz evinə buraxması teatr tənqidçilərini və
tamaşaçıları bir qədər çaşdırmışdı. Əsərdə hadisələrin bu sayaq cərəyan
etməsini - ingilis kamera detektivi üslubuna yaxınlığını
hər şeyi kommunistin əxlaq kodeski ilə nizamlayan kütlə tam «həzm edə» bilmirdi. Bununla belə, teatrın
salnaməsini izlədikcə
görürük ki, bütün tənqid və çaşqınlıqlara
rəğmən, «Bahar»
səhnədə müəyyən
qədər oynanılıb.
Üstəlik,
həmin il
Moskvada ali təhsilini tamamlayan Mehdi Məmmədov bu pyesi diplom
tamaşası olaraq Gəncə teatrında bir qədər fərqli yozumda hazırlayır. Yəqin ki, o zaman gənc
rejissorun heç ağlına da gəlmir ki, öz yaradıcılıq
həyatında təxminən
18 il sonra
bir də «Bahar»la qarşılaşacaq.
Cavabı birmənalı olmayan sual
Diqqətli oxucu bu yerdə
yəqin ki, «Bahar» pyesinin ona hardansa tanış gəldiyi
barədə düşünür.
Bəli,
siz haqlısınız.
1959-cu ildə «Azərbaycanfilm»
kinostudiyasında istehsal
olunmuş «Onu bağışlamaq olarmı?» filminin ssenarisi
məhz «Bahar» pyesinin əsasında yazılıb. Filmin ssenari müəllifi
artıq ciddi folklorşünas kimi tanınan, bədii yazıları maraqla qarşılanan Məmmədhüseyn
Təhmasib, quruluşçu
rejissoru isə görkəmli rejissor və pedaqoq, həm də ssenaristin qardaşı Rza Təhmasibdir. Filmdə əsas rollarda Hökumə Qurbanova (Kəmalə), Manana Abuyeva (Sevda), Mehdi Məmmədov
(Qaya - bu, onun kinoda yeganə
roludur), Həsənağa
Salayev (Qüdrət),
Məleykə Ağazadə
(Qumru), Ətayə Əliyeva (leytenant Qarayeva) İsmayıl Talıblı (Veysəl Mirzə), Qriqori Tonuns (Tərlan), Veriko Ancaparidze (Ana) çəkiliblər. Maraqlıdır
ki, aktrisa Hökumə Qurbanova «Bahar» tamaşasında da, «Onu bağışlamaq
olarmı?» filmində də göz həkimi Kəmalə xanım rolunda çıxış
edib. 1940-cı ildə hələ tələbə ikən pyesdə Milisioner rolunda səhnəyə çıxmış gənc
Həsənağa Salayev
filmdə artıq püxtələşmiş müstəntiq
Qüdrət rolunda çəkilib.
Bu yerdə
maraqlı bir nüans diqqəti çəkir. Rza Təhmasib
rejissor olaraq, teatr səhnəsində daha uğurlu tipaj yaratmış aktyoru həmin əsərin ekran variantında da eyni rola çəkməyi
təqdir edirmiş.
Belə ki, onun quruluşçu rejissoru olduğu «Arşın mal alan»
(1945) filmində Soltan
bəy roluna çəkilən Ələkbər
Hüseynzadə teatr səhnəsində bu rolu min (!) dəfədən
çox ifa edib.
Filmin ssenarisində baş
qəhrəmanın - gənc
bəstəkarın adı
da dəyişdirilib.
Bahar ismi Sevda ilə
əvəz olunub.
Qeyd edək ki, digər
Azərbaycan yazıçısı
Mehdi Hüseyn «Səhər» romanında əsas qadın qəhrəmanlarının birini
Sevda (1960-cı ildə
bu roman əsasında
da eyniadlı film çəkilib) adlandırdıqdan
sonra bu ad Azərbaycanda sürətlə
populyarlaşır. Zənnimizcə,
Sevda adının geniş yayılmasında
«Onu bağışlamaq
olarmı?» filminin baş qəhrəmanı - istedadlı,
mərhəmətli, əzmkar
və gözəl Sevdanın da rolu az deyil.
«Onu bağışlamaq olarmı?» filmi üslub,
aktyorların kamera önündə davranışı,
hətta danışığı
baxımından film estetikasında
işlənmiş televiziya
teatrı janrına yaxın olsa da, onda məhz
filmə xas elementlərin olduğunu dana bilmərik. Tərlan Kəmaləni ikinci dəfə beşbarmaqla vurmaq istəyərkən küçə
fənərinin qəfil
yanması, onun toy karvanına yol vermək üçün
maşını saxladığı
məqamda duvaqlı gəlini bir anlıq Sevda kimi görməsi, elektrik qatarında balaca dəcəlin usta cani Şahmarı
(Əli Xəlilov) diksindirməsi və onu izləyən leytenant Rəsulovun (Bürcəli Əsgərov)
fit səsindən canini
gözdən itirmədiyinə
arxayın olduğunu sözsüz çatdırması
kimi ştrixlər ekran əsərini məhz kino lenti kimi qavramağa
sövq edir.
Ssenaridə kino dili üçün xarakterik olmayan uzun cümlələr,
aktyorun monumental tamaşa
stilində pafoslu danışığı ekran
əsərinin dinamikasını
azaltsa da, bu film ekranlara çıxdığı zamandan
bəri Azərbaycan kinosevərinin təkrar-təkrar
baxdığı sevimli
lentlərdəndir.
«Bahar»
tamaşasına görkəmli
bəstəkar Səid
Rüstəmov musiqi bəstələmişdi. Düzdür,
biz həmin musiqini eşitməmişik, baş
qəhrəmanı bəstəkar
olan tamaşadan hər hansı mahnının populyar olması barədə də bilgimiz yoxdur. Lakin Səid Rüstəmovun
ilk yaradıcılıq dövrünə
aid bir sıra əsərlərinin qulaq yaddaşımızda səslənişi
belə düşünməyə
imkan verir ki, «Bahar» pyesində
də tamaşaçı
gözəl melodiyalar
eşidib.
O ki qaldı «Onu bağışlamaq olarmı?»
filminin musiqisinə, bu gün Azərbaycanda
böyük bəstəkar
Tofiq Quliyevin bu filmə bəstələdiyi
istər saundtrek, istər müğənni
Qumrunun, istərsə
də Sevda ilə Tərlanın mahnıları təxminən
altmış ildir ki, öz ömrünü
müstəqil davam edir. Təbii ki, mahnıları ifa etmiş Məleykə Ağazadənin
(o, Musiqili Teatrın aktrisası olub və «Ulduz» filmində Nazik obrazı ilə daha çox yadda qalıb), Şövkət Ələkbərova
və Mirzə Babayevin mükəmməl
ifaları həmin mahnıların sevilməsində
az rol oynamayıb.
* * *
...Bəzən hansısa əsərə teatr, televiziya tamaşası, film, hətta serial mövzusu olaraq təkrar müraciət sənətsevərdə özünün də anlamadığı qıcıq doğurur. Lakin qısa səhnə həyatı yaşamış «Bahar»ın ömrünü hələ də baxılan «Onu bağışlamaq olarmı?» filmi kimi davam etməsi, bu filmdən yadigar qalan nəğmələr sübuta yetirir ki, əbədi mövzulara müraciət etməyə dəyər.
Gülcahan Mirməmməd
Mədəniyyət 2017.- 25 avqust.- S.11.