“Şərq təranələri”ndə Azərbaycan tarı səslənəcək

 

   Səmərqənd şəhərində başlayan beynəlxalq festivalda ölkəmizi Sahib Paşazadə təmsil edəcək

  

   Avqustun 25-dən 30-dək Özbəkistanın Səmərqənd şəhərində XI “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Azərbaycanı festivalda beynəlxalq və respublika müsabiqələri laureatı, Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edəcək.

   Muğam dünyası” layihəsinin daimi iştirakçısı olan tarzən yaratdığı xalq çalğı alətləri ansamblının bədii rəhbəri, Prezident təqaüdçüsü, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

   Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə dünyanın 40-dan çox ölkəsinə səfərlər zamanı milli musiqimizi tanıdaraq təbliğ edib.

   Gənc tarzən bir çox beynəlxalq mükafatlar sahibidir. O, “Ağcaqayın yarpağı” adlı beynəlxalq “Qran-pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında “Tarın Paqaninisitituluna layiq görülüb.

   Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər onun timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir.

   Qeyd edək ki, “Şərq təranələri” festivalı Şərqin qədim mədəniyyət mərkəzi olan Səmərqənddə 1997-ci ildən etibarən iki ildən bir təşkil edilir. Dünyanın müxtəlif ölkələrinin təmsilçilərinin qatıldığı festivalın nüfuzu ildən-ilə artmaqdadır. 2015-ci ildə dünyanın 66 ölkəsi bu böyük musiqi bayramına qoşularaq təmsil etdikləri xalqların musiqilərini ifa ediblər.

   Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, beynəlxalq musiqi festivalının bu il açılış mərasimi xüsusi təmtəraqla qeyd olunacaq. Özbək tərəfi açılış mərasimində çıxış etmək məqsədilə festivalda daim fərqlənən ölkələrdən, o cümlədən Azərbaycandan fəxri qonaq qismində tanınmış müğənni dəvət etməyi planlaşdırır.

   Sevindirici haldır ki, Azərbaycanlı musiqiçilər festivalda hər dəfə uğurla iştirak edirlər.

   1997-ci ildə keçirilən ilk festivalda müğənni Simarə İmanovaQran-pri” mükafatının sahibi olub. 2001-ci ildə Xalq artisti Alim Qasımov festivalda 1-ci yeri, 2003-cü ildə isə Əməkdar artist Zabit Nəbizadə 2-ci yeri qazanıb. 2005-ci ildə müğənni Aygün Bəylər festivalda 1-ci yeri tutub, 2009-cu ildə qalibiyyət ənənəsini xanəndə Qoçaq Əsgərov davam etdirib.

   2015-ci ildə festivalda Əməkdar artist, xanəndə Təyyar Bayramovun rəhbərliyi ilə “Butaqrupu (əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), habelə balabanda Şirzad Fətəliyev, nağarada Kamran Kərimov) milli musiqimizi yüksək səviyyədə təbliğ “Nadir səs” nominasiyasına layiq görülüb.

   İnanırıq ki, bu il də “Şərq təranələri” festivalında Azərbaycanı təmsil edən musiqiçimiz qələbə əldə edərək ecazkar Azərbaycan musiqisini bir daha dünyaya tanıdacaq.  

 

 

Mədəniyyət  2017.- 25 avqust.- S.2.