Dünya şöhrətli sənətkar”

 

   Müslüm Maqomayevin 75 illiyinə həsr olunan tədbir keçirilib

  

   Avqustun 27-də Gəncə şəhər MKS-nin Musiqi-not fonoteka şöbəsində dünya şöhrətli müğənni, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) anadan olmasının 75 illiyinə həsr olunanDünya şöhrətli sənətkar” adlı sərgi-musiqi saatı keçirilib.

   Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova M.Maqomayevin həyat və yaradıcılığından söz açıb. Qeyd olunub ki, gözəl və yumşaq tembrli gur səsə malik olan M.Maqomayevin ifası təsirliliyi, ruh yüksəkliyi və ifadəliliyi ilə seçilirdi. Müğənninin repertuarında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini) və s. operalardan ariyalar mühüm yer tutub.

   Yüksək tirajla satılan disklərinə görə onun “Qızıl val”ı buraxılıb. Zəngin yaradıcılığı, Vətənə olan bağlılığı, sonsuz sevgisi ilə rəğbət qazanan dahi sənətkar Azərbaycan xalqının qəlbində əbədi taxt qurub.

   Sərgidə M.Maqomayevin həyat və fəaliyyətini əks etdirən kitablar, məlumat nəşrləri nümayiş olunub.

   Sonda Xalq şairi Nəbi Xəzrinin sözlərinə müğənninin bəstələdiyi və dillər əzbəri olan “Azərbaycan” mahnısı səsləndirilib.

 

Mədəniyyət  2017.- 30 avqust.- S.2.