Gənc yazarın “Əlcəzairdə həbs” kitabı çapdan çıxıb

 

 

   “Bəzən insan gülə-gülə yaşadıqlarını ağlaya-ağlaya xatırlayır”

  

   Bu günlərdə gənc şair, yazıçı Tural Atəşin “Əlcəzairdə həbs” kitabı işıq üzü görüb. Nəşrdə müəllifin eyniadlı povesti və “Metal” hekayəsi yer alıb.

   Povestdə Tunisdə, Əlcəzairdə, Azərbaycanda, Türkiyə və İranda baş verən hadisələr qələmə alınıb. Başına gələnlərdən qaçmağa çalışan qəhrəman özünü yeni hadisələrin içində tapır. Aldığı bir-birindən ağır zərbələrə görə dünyaya savaş açır.

   Diqqətdən kənarda qalan hadisələrin xarakteri, mahiyyəti “Metal” hekayəsində açılır. Tapılan qızıllar üst-üstdə bir neçə nəslin faciəsində rol oynayır. Lakin məsələ yenə də qızıl deyil, insanonun əməlidir. Müəllif bu nəticəyə gəlir ki, ən böyük sərvət mənəvi rahatlıqdır. Ən güclü adam çox şeyi olan deyil, çox şeydən imtina edə biləndir. Ən güvənli yer silahların arxasına sığınmaq yox, silaha ehtiyac olmayan yerdir.

   Bakıdakı “Pergament” nəşriyyatında çapdan çıxan kitabın redaktorları “Mədəniyyət” qəzetinin əməkdaşı Fariz Yunisli və Vüsalə Qafarlıdır.

   Qeyd edək ki, bundan əvvəl yazarın “O mənim planetim” (2007), “Ölümlə rəqs” (2010) adlı şeir kitabları işıq üzü görüb. Şeirləri müxtəlif mətbuat orqanlarında dərc olunub.

 

   Fariz Hüseynov

 

Mədəniyyət  2017.- 30 avqust.- S.15.