Bir aktrisanın sənət yolu

 

 

   Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, kinoteatr sənətinə mühüm töhfələr versələr də, maraqlı həyat və yaradıcılığı diqqətdən kənarda qalıb. Belə sənətkarlardan biri də Əməkdar artist Əzizə Məmmədova olub.

   Əzizə Əbdülbağı qızı Məmmədova 1892-ci ildə Tiflis şəhərində musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əbdülbağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. O, kiçik yaşlarından qızının təlim-tərbiyəsi ilə ciddi məşğul olur. Əzizənin musiqiyə marağını hiss etdikdə ona qarmon çalmağı öyrədir. Qız həddi-büluğa çatanda atası ona Şəki şəhərindən Salman adlı bir gənclə ailə qurmasına razılıq verir. Onların bir qız övladları dünyaya gəlir. Adını Sona qoyurlar. Lakin bu ailənin ömrü çox qısa olur. Bir il sonra, 1908-ci ildə Salman qəflətən vəfat edir.

   Əzizə Məmmədova qızı Sonanı da götürüb ata evinə - Tiflisə qayıdır. Bir müddət Tiflisdə yaşayırlar. Sonra vəziyyət elə gətirir ki, Əbdülbağı qızı Əzizə və nəvəsi Sona ilə bərabər Aşqabad şəhərinə gedirlər. Xeyli vaxt orada yaşayırlar. 1919-cu ildə Bakıya dönürlər...

   Azərbaycanda sovet hakimiyyəti qurulandan (1920) sonra Əzizə əvvəl Əbilov adına klubda işə düzəlir. Sonra Əli Bayramov adına Qadınlar klubunda işləyir. Çox keçmir, Bakıda Türk Azad Tənqid və Təbliğ Teatrı (Türk İşçi Teatrı) yaradılır. Görkəmli səhnə ustaları Mirzağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi olan Əzizə xanımla görüşüronu kluba aktrisa dəvət edirlər. O, iki il burada çalışır. 1923-cü ildə Akademik Dram Teatrdan da dəvət alır və bir müddət bu kollektivdə işləyir. Teatrın səhnəsində Tükəzban (“Vaqif”, Səməd Vurğun), Pəri xanım (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Cəfər Cabbarlının pyeslərində Gülsüm (“1905-ci ildə”), Fatmanisə (“Almaz”), Şərəbanu (“Yaşar”), Gülgəz (“Oqtay Eloğlu”), habelə Luka Lukiçin arvadı (“Müfəttiş”, Nikolay Qoqol), Terentyevna (“Dubrovski”, Aleksandr Puşkin), Zalxa (“Toy”, Sabit Rəhman) və başqa rolları oynayır.

   Bu illərdə qızı Sona da Akademik Dram Teatrda səhnə həyatına başlayır, sonralar tanınmış aktrisa olur, respublikanın Xalq artisti adına layiq görülür.

   1930-cu ildə Əzizə Məmmədova Türk İşçi Teatrına qayıdır. Burada Hacıbaba Nəzərli və Süleyman Rüstəmin “Yanğın” (İncə qarı), Süleyman Rüstəmin “Qana qan” (Səkinə), Vladimir Kirşonun “Küləklər şəhəri” (Qadın) və s. tamaşalarda səhnəyə çıxır.

   Aktrisa “Azərbaycanfilm”də istehsal olunanAlmaz”, “İsmət”, “Hacı Qara”, “Yeni horizont”, “Görüş”, “Səhər”, “Qara daşlar” və s. filmlərdə müxtəlif epizodik rollara da çəkilib. Araşdırmalarda göstərilir ki, onun oynadığı rollar kiçik olsa da, səciyyəvi xüsusiyyətləri ilə fərqlənib. O, çox vaxt filmlərdə ana rollarını ifa edib. Mehriban, səmimi qadın obrazları bu aktrisanın yaradıcılığında önəmli yer tutub. “İsmət” filmində İsmətin həyat yoldaşı Səmədin anasını oynayıb. Aktrisa maraqlı bir obraz yaratmaqla o dövr kinomuza bir yenilik gətirib. “Hacı Qara” filmində də yaratdığı Gülsüm rolu da yaddaqalandır.

   Tamaşaçıların sevimlisi olan aktrisa teatr sənətində göstərdiyi xidmətlərə görə 1 fevral 1936-cı ildə Əməkdar artist fəxri adına layiq görülür. Əzizə Məmmədova 14 avqust 1961-ci ildə vəfat edib.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 6 dekabr.- S.14.