Əmircanlı rəssamların sərgisi açılıb

 

 

   Paytaxtın Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) 108 illiyi münasibətilə Əmircan rəssamlarının sərgisi açılıb. Sərgidə Əmircan qəsəbəsində yaşayan 27 rəssamın əl işləri nümayiş olunur.

   Açılış mərasimində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək sərginin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, Əmircan torpağı bir çox tanınmış insanları - alimləri, rəssamları, şairləri, sənət adamlarını ölkəmizə bəxş edib. Onların arasında Xalq rəssamı Səttar Bəhlulzadə özünəməxsus yer tutur.

   Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə fırça ustasının 100 illik yubileyi respublikamızda, eləcə də UNESCO miqyasında və xarici ölkələrdə qeyd olunub.

   Vurğulanıb ki, boyakarlıq sənətində xüsusi yeri olan Səttar Bəhlulzadənin dünya ictimaiyyətinə tanıdılmasında mədəni irsimizin himayədarı, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Ölkəmizdə yaradıcı insanlara həmişə böyük diqqət və qayğı ilə yanaşılır. Onların müxtəlif səviyyələrdə sərgiləri təşkil olunur. 2014-cü ildə Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əsaslı təmir-bərpa olunub, yeni ekspozisiya yaradılıb.

   Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və başqaları çıxışlarında sərginin əhəmiyyətindən danışıblar.

   Sonra iştirakçılar sərgi ilə tanış olublar.

   Tədbirin sonunda sərgi iştirakçılarına diplomkataloq təqdim edilib.

 

Mədəniyyət.- 2017.- 13 dekabr.- S.8.