Kukla Teatrında “Qış nağılı”

 

   Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Yeni il tətili günlərində quruluşçu rejissor Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək. Tamaşanın səhnə və musiqi tərtibatı teatrın baş rəssamı İqbal Əliyevə məxsusdur.

   Tamaşada əsas qəhrəman Şaxta babaQar qızdır. Cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri aşılayır. Canavar, Ayı, Dovşan, Uzunqulaq kimi personajların Küpəgirənin hiyləgərliyinə qarşı əzmkar mübarizəsi və qələbəsini əks etdirən tamaşa rəngarəng musiqi tərtibatı və rəssam işi ilə balacalara xoş anlar vəd edir.

   Səhnədə qurulan möhtəşəm şam ağacı tamaşaya xoş ovqat qatacaq. Rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.

   27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seansda nümayiş olunacaq.

 

Mədəniyyət.- 2017.- 15 dekabr.- S.4.