Bəstəkar Nəriman Məmmədovun yubiley gecəsi

 

 

   Dekabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti, professor Nəriman Məmmədovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqının dəstəyi, “Mədəniyyət” kanalı və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşıb.

   Yubiley gecəsində Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.

   Bildirilib ki, 1927-ci ildə Naxçıvanda anadan olan Nəriman Məmmədov uşaq musiqi məktəbinin tar sinfini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi məktəbində Nəzəriyyə şöbəsində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1951-1956-cı illərdə musiqi nəzəriyyəsi, 1956-1961-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali musiqi təhsili alıb. 1943-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında musiqi rəhbəri kimi əmək fəaliyyətinə başlayıb, Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində çalışıb, Asəf Zeynallı adına Musiqi məktəbində müəllim işləyib. 1961-ci ildən ömrünün sonunadək AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda çalışıb.

   Qeyd edilib ki, Nəriman Məmmədovun bəstəkar kimi yaradıcılığı geniş diapazonlu olub, janr əlvanlığı ilə diqqəti cəlb edib. Bəstəkarın simfoniya, balet, musiqili komediya, oratoriya, kantatakamera-instrumental əsərləri milli musiqi mədəniyyətinin dəyərli nümunələridir. O, yeddi simfoniyanın müəllifidir.

   Tədbir konsert proqramı ilə davam edib. Əməkdar artist Faiq Sadıqovun dirijorluğu ilə Azərbaycan Televiziyası Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin Əməkdar artist Tariyel Abbasovun bədii rəhbərliyi ilə Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblının ifasında musiqilər səslənib.

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.2.