Mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarə edilməsi

 

   Yeni Tvinninq planının təqdimatı keçirildi

  

   Regional mədəniyyət və turizm idarələrinin yaradılması müsbət nəticələr verib. Bu idarəetmə işin düzgün təşkil edilməsi, lazımsız xərclərin azaldılması, yerli orqanların işinin daha fəal qurulmasına şərait yaradıb”.

   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu fikirləri dekabrın 15-də Sabirabad şəhər Heydər Əliyev Mərkəzində “Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı”nın təqdimat mərasimində çıxışı zamanı dedi.

   Qeyd edək ki, sözügedən idarəetmə planı Azərbaycanın və İtaliyanın müvafiq nazirliklərinin və Avropa İttifaqının (Aİ) birgə Tvinninq layihəsi çərçivəsində hazırlanıb.

   Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin böyük məsləhətçisi Ramil Abbəkirov tədbirdə çıxış edərək idarəetmə planı haqqında məlumat verdi. Qeyd etdi ki, layihə Azərbaycan dilinə tərcümə edilərək gələn ilin yanvar ayının sonunadək Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.

   Rezident Tvinninq müşaviri, İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyinin nümayəndəsi Alessandro Bianki layihənin Azərbaycan üçün faydalı olduğunu dedi: “Bu plan regional idarələrin daha funksional çalışmasına şərait yaradacaq. Layihənin ilk hissəsinin sonuna yaxınlaşırıq. Bu, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi ilə keçirilən pilot layihədir. Planda bir regionun fərqli xüsusiyyətlərinin və potensialının qiymətləndirməsini apararaq inkişafını təmin etmək kimi məsələlər nəzərdə tutulur. Regionun hərtərəfli inkişafı üçün bölgənin bütün potensialından istifadə olunması vacib şərtdir”.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət sektorunun idarə olunmasında layihənin əhəmiyyətindən danışdı. Bildirdi ki, layihənin məqsədi Avropa İttifaqı ölkələrinin təcrübəsinə və hüquq mexanizmlərinə əsaslanaraq Azərbaycanın mədəniyyət sektorunda islahatlar prosesinə töhfə verməkdir. Aparılan islahatlar, tətbiq olunan yeniliklər nəticəsində biz ölkəmizin potensialından daha geniş istifadə edə biləcəyik: “Bunun üçün mədəniyyət sahəsində çalışan işçilər də həyata keçirilən yeniliklərin mahiyyətini düzgün anlamalı və tətbiq etməlidirlər. Milli mədəni dəyərlərin qorunması, təbliği, turizm məqsədləri üçün düzgün istifadə edilməsi də qarşımızda duran əsas vəzifələrdəndir. Bu prosesdə müasir yanaşmalar, innovativ yeniliklər tətbiq olunmalıdır”.

   Bildirildi ki, ilk dəfə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində tətbiq ediləcək bu təcrübədən bütün ölkə ərazisində istifadə olunacaq. Vurğulandı ki, regionlarda mədəniyyət və turizm sahələrində çalışan işçilər yeniliklərə hazır olmalı, müasir innovasiyaları mənimsəməli və tətbiqi işini sürətləndirməlidir. Nazir layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyələrini verdi.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 20 dekabr.- S.4.