Düşündürücü mahnılar eşitmək arzusu ilə

 

 

   Tofiq Quliyev adına estrada mahnı janrında respublika müsabiqəsi elan olunub

  

   Musiqinin janrları içərisində mahnı xüsusi mövqeyə malikdir. Qədim dövrlərdə nəğmə adlanan bu janr bir neçə məna kəsb edib. Nəğmə əvvəlcə muğam mənasında işlənib və ya avazın tonu kimi səciyyələnib. Zaman keçdikcə, yeni nəğmələr yarandıqca o da öz inkişaf yoluna qədəm qoyub. Beləliklə, mahnı anlayışı meydana gəlib.

     Məlum olduğu kimi, mahnı poetik mətnlə musiqi obrazını üzvi surətdə birləşdirən vokal musiqi sənətinin ən sadə və ən geniş yayılmış bir növüdür. Xalq mahnılarımız qədim tarixə malikdir. Bu tarixi araşdıran tədqiqatçılarımız mahnı janrını bir neçə qrupa ayırırlar. Əmək mahnıları, tarixi mahnılar, mərasim mahnıları və lirik mahnılar bu qrupları ehtiva edərək onların özləri də bir neçə növə ayrılır. Azərbaycan professional musiqisində mahnı janrının əsasını da xalq mahnı xəzinəsindən götürülən mövzular təşkil edir. Amma təbii ki, mahnı janrının musiqi xarakteristikası xalq mahnılarında olduğu kimi sadə deyil. Bu da mahnı janrına professional musiqi təhsili olan peşəkar bəstəkarların müraciət etməsindən irəli gəlir.

   Bu istiqamətdə ilk addım atan dahi Üzeyir Hacıbəyli xalq musiqisi ruhunda gözəl mahnılar yaratmışdır. Bəli, mahnıda xalqın ruhu sevilərək yaddaşlarda yaşayırsa, demək o, bu məziyyətə cavab verir. Üzeyir bəyin layiqli davamçıları Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Rauf Hacıyev, Hacı Xanməmmədov və daha neçə-neçə bəstəkarımız mahnı janrının ən yüksək nümunələrini yaratdılar. Bu sıraya Tofiq Quliyevi xüsusi olaraq daxil edə bilərik.

   Musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yazan Tofiq Quliyev Azərbaycan mahnı janrının da sanki çiçəklənmə dövrünü yaratdı. Belə ki, onun mahnıları yüksək bədii məzmunu, melodiyasının koloriti, harmonik gözəlliyi, musiqi quruluşuforma baxımından professionallığı ilə seçilən sənət inciləridir. Tofiq Quliyev Azərbaycan mahnı janrının əsasını qoyanlardan biridir. Onun mahnılarında milli kökə bağlılıq yüksək professionallıqla təzahür olunur. Bu da bəstəkarın xalq musiqisinə dərindən bələd olması, böyük istedadı və zəngin biliyinin ifadəsidir. Bunlarla yanaşı, Tofiq Quliyev həm də gözəl melodiyalar ustasıdır. Böyük sovet bəstəkarı D.Şostakoviç yazır ki, yaxşı musiqinin canı gözəl melodiyadır. Bu fikir Tofiq Quliyev mahnılarının əsas qayəsidir.

   Bu il Prezident İlham Əliyevin sərəncamı ilə bəstəkarın 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Ölkəmizin müxtəlif mədəniyyət ocaqlarında, o cümlədən musiqi təhsili müəssisələrində Tofiq Quliyevə həsr olunan tədbirlər keçirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan «Tofiq Quliyev» kitabı bəstəkarın xatirəsinə ünvanlanan çox dəyərli bir töhfə oldu.

   Yubiley tədbirlərinin bir qismi də Azərbaycan Bəstəkarlar İttifaqının payına düşdü. İl boyu Tofiq Quliyevin mahnılarından və digər əsərlərindən ibarət konsertlər, bəstəkarın həyat və yaradıcılığına dair elmi konfrans keçirildi. Bu tədbirlərin yekunu kimi Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqı tərəfindən birgə Tofiq Quliyev adına estrada mahnı janrında I Respublika müsabiqəsi elan olunub.

   Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə müsabiqənin keçirilmə səbəbini belə açıqladı: “Bildiyiniz kimi, mahnı xalq arasında geniş yayılan və çox sevilən bir janrdır. Bu janrda çox gözəl əsərlər yazan bəstəkarlarımızdan biriTofiq Quliyevdir. Tofiq Quliyev milli musiqi mədəniyyəti tarixinə estrada musiqisinin banisi kimi daxil olmuşdur. Bəstəkarın özünəməxsus təravəti və yüksək bədii dəyərləri ilə fərqlənən, xalqımızın dilində əzbər olan gözəl mahnıları bu gün də insanların qəlbini riqqətə gətirərək, müxtəlif nəsil müğənnilərin repertuarını bəzəyir. Müsabiqənin keçirilməsində əsas məqsəd unudulmaz bəstəkarımızın yüksək peşəkarlıqla yaratdığı musiqi incilərini örnək götürərək, müasir estrada mahnı janrında öz melodik zənginliyi, musiqi və mətnlərin vəhdəti, forma mükəmməlliyi, mətn mövzusunun diqqətli seçimi və mənəvi-estetik səviyyəsi ilə ədəbi-bədii meyarlara cavab verən yeni mahnıların aşkar edilməsidir”.

   Qeyd edək ki, müsabiqəyə heç bir yerdə səslənməmiş və nəşr olunmamış yeni mahnılar təqdim edilməlidir. Təqdim ediləcək mahnılar vokal ilə müxtəlif tərkibli instrumental ansambllarya estrada orkestri üçün nəzərdə tutularaq, 3-5 dəqiqəlik vaxt həcmində olmalıdır.

   Müsabiqə iştirakçıları əsərin klavirini (və ya partiturasını) və CD yazısını deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim etməlidirlər. Əsərlər fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməlidir. Müsabiqədə peşəkar bəstəkarlarla yanaşı, həvəskar bəstəkarlar da iştirak edə bilərlər.

   Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulur: I yer - 2000 manat; II yer - 1000 manat; III yer - 600 manat. Üç həvəsləndirici mükafat - hər biri 400 manat. İşlər 2018-ci il 1 mart tarixinə qədər Bəstəkarlar İttifaqında qəbul olunacaq. Ünvan: Xaqani küçəsi 55. Əlaqə telefonları: (012) 598 08 86, (012) 598 08 84.

   Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

   Firəngiz xanım bildirdi ki, müsabiqəni təşkil etməkdə başlıca məqsəd bayağı mahnı axınının qarşısını almaqTofiq Quliyev məktəbinin ardıcıllarını meydana çıxararaq məhz o səviyyəli mahnılarla həm musiqi xəzinəmizi zənginləşdirmək, həm də insanların mənəvi zövqünü, ruhunu oxşayan sənət nümunələrini təbliğ etməkdir: Bu müsabiqə Tofiq Quliyevin ruhuna hörmət və mahnı janrına olan diqqətimizin ifadəsidir. Çünki mahnı insanların mənəvi aləminə daha tez təsir edən, onlarda qəhrəmanlıq, vətənpərvərlik, əməyə məhəbbət, lirik sevgi hissləri aşılayan sənət növüdür. Bu hisslərin yüksək səviyyədə olması üçün dəyərli sənət inciləri yaratmaq lazımdır. Necə ki, Tofiq Quliyev və digərləri yaradıb. Biz məhz o üslubda mahnılar eşitmək arzusu ilə müsabiqəyə qatılan istedadlı insanlara əvvəlcədən uğurlar arzulayırıq”.

   Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə yazırdı: «Mahnılar var ayaqları, muğamlarsa baş tərpədər». Baş tərpədən, yəni düşündürücü mahnılar eşitmək arzusu ilə

  

   Səadət Təhmirazqızı

   Əməkdar mədəniyyət işçisi,

   sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.15.