Beynəlxalq Dədə Qorqud teatr əsərləri müsabiqəsinə yekun vuruldu

 

 

   Dekabrın 19-da Ankarada TÜRKSOY-un baş qərargahında II Beynəlxalq Dədə Qorqud teatr əsərləri müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi.

   Tədbir Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Türk Dünyası Vəqfinin birgə əməkdaşlığı ilə baş tutdu. Mərasimdə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, keçmiş mədəniyyət və turizm naziri, Türk Dünyası Fondunun sədri Nəbi Avcı, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu və Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti Himayəçilər şurasının sədri Musa Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və başqa nümayəndələr iştirak edirdi.

   Qeyd edək ki, bu il müsabiqəyə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, İran, İraq, Türkmənistan, Uyğur Muxtariyyəti (Çin), Başqırdıstan (RF), Qaqauz Yerindən (Moldova) 48 müəllifin əsərləri təqdim olunmuşdu.

   Tədbirdə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk dünyası ədəbiyyatının yayılması və təbliği istiqamətində tədbirlərin əhəmiyyətini vurğuladı. 2018-ci ili TÜRKSOY tərəfindən məşhur qırğız yazıçısı Çingiz Aytmatovun 90 illiyi münasibətilə xatirə ili elan etdiklərini deyən baş katib bu çərçivədə müxtəlif tədbirlərin təşkil ediləcəyini vurğuladı.

   D.Kaseinov Avrasiya Yazarlar Birliyi ilə işbirliyindən də söz açdı: “Türk dünyası ədəbi mirasının yayılması istiqamətində əməkdaşlıq etdiyimiz qurumlar arasında Avrasiya Yazarlar Birliyi xüsusi yerə sahibdir. Qurumla birgə təşkil etdiyimiz Türk dünyası ədəbi dərgilər konqresləri, Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi layihələri kimi, bu il ikincisini düzənlədiyimiz Dədə Qorqud teatr əsərləri müsabiqəsi də işbirliyimizin davamıdır”.

   Yaqub Öməroğlu isə layihəyə dəstək verən qurumlarainsanlara öz təşəkkürünü bildirdi. Məlumat verdi ki, müsabiqənin qalibləri arasında tanınmış yazıçılarla yanaşı, gənc qələm sahibləri də var: “Münsiflər heyətinin üzvləri qalibləri müəyyənləşdirərkən bir-birindən maraqlı əsərlərlə tanış olublar”. O həmçinin müsabiqəyə qatılmaq üçün İranın Türkmən səhra bölgəsindəki türkmənlərin ilk dəfə türkməncə hekayə yazdıqlarını bildirdi.

   Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman Türk dünyasının ortaq ədəbiyyatı istiqamətində layihələrə töhfə verən belə tədbirlərə görə başda TÜRKSOY olmaqla bütün qurumlara öz təşəkkürünü bildirdi. O, İsmayıl Qaspıralının ifadə etdiyi, “Dildə, fikirdə, işdə birlikprinsipinin həyata keçməsindən böyük məmnunluq duyduğunu diqqətə çatdırdı.

   Türk Dünyası Fondunun sədri Nəbi Avcı “Dədə Qorqud” dastanındakı hekayələrdə türklərin savaşlarda əldə etdikləri uğurla yanaşı ailə, təhsil, xarakter və yüksək əxlaqa da diqqət yetirildiyini diqqətə çatdırdı, müsabiqənin iştirakçı və jürisinə təşəkkürünü bildirdi.

   Digər iştirakçıların da çıxışlarından sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edildi.

   Birinci yerin qalibi Qazaxıstandan “Şarbak” adlı əsəri ilə uyğur yazıçısı Ahmetcan Aşiri, ikinci yerin qalibiTuğrul bəyin röyası” əsəri ilə Türkiyədən Lütfi Şahsüvaroğlu, üçüncü yerin qalibi Azərbaycandan “Aşar keçər Arazı" əsəri ilə Pərvin Nurəliyeva oldular. Müsabiqəyə İranın Türkmən səhra bölgəsindən qatılan Oğulmaya Şəmsizadə həvəsləndirici mükafata layiq görüldü.

   Tədbir çərçivəsində Yaqub Öməroğlu TÜRKSOY-un baş katibi Düsen Kaseinova Avrasiya Yazarlar Birliyinin “Şərəf” medalını təqdim etdi. Bundan başqa, nazir müavini Hüseyn Yaymana türk respublikalarının müstəqilliklərinin 25 illiyi münasibətilə TÜRKSOY tərəfindən hazırlanan xüsusi medal təqdim edildi.

  

   Mehparə Sultanova

   Ankara

 

Mədəniyyət.- 2017.- 22 dekabr.- S.6.