Aşıq sənətinə töhfə - “Ozanelm və sənət toplusu

 

   Dekabrın 25-də Milli Kitabxanada Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni nəşri olanOzanelm və sənət toplusunun birinci buraxılışının təqdimatı keçirilib.

   Elm, ədəbiyyat, incəsənət xadimləri və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə AAB-nin dəstəyi ilə işıq üzü görən kitabların sərgisinə baxış olub.

   Kitabxananın direktoru, professor Kərim Tahirov nəşrin əhəmiyyətindən danışıb.

   Jurnalın baş redaktoru, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı nəşrin aşıq sənətinə töhfə olduğunu bildirib. Vurğulayıb ki, ildə bir dəfə buraxılması nəzərdə tutulanredaksiya heyətində ölkəmizin, eləcə də ABŞ, Türkiyə və Gürcüstanın nüfuzlu elm ocaqlarının tanınmış elm və sənət adamlarının təmsil olunduğu nəşrin məqsədi bu ulu sənəti yaşatmaqdır.

   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Sənubər Bağırova, sənətşünaslıq doktoru İradə Köçərli, professor İsmayıl Məmmədli, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və başqaları qədim aşıq sənətinə dövlət səviyyəsində göstərilən yüksək qayğıdan söhbət açıblar.

   Sonda Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının “Çeşmə” folklor qrupu, əməkdar mədəniyyət işçiləri - Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, gənc aşıq Gözəl Kəlbəcərli və başqaları aşıq havaları ifa ediblər.

 

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.5.