Avropa İttifaqı ilə turizm əməkdaşlığı müzakirə olunub

 

 

   Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov dekabrın 22-də Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşüb.

   Görüşdə turizmin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri və perspektivləri müzakirə olunub.

   Nazir müavini bildirib ki, Avropa İttifaqı ilə birgə 2013-2014-cü illərdə turizm sahəsində həyata keçirilən Tvinninq layihəsi uğurla başa çatıb. Layihənin nəticəsi olaraq nazirliyin Turizm şöbəsində struktur dəyişiklikləri baş verib, eləcə də layihənin bir çox təklifləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənmiş Strateji Yol Xəritəsi ilə uyğunlaşdırılıb.

   Söhbət zamanı Avropa İttifaqı ilə birgə 2016-cı ildən icra olunan “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi ətrafında müzakirələr də aparılıb və layihə üzrə müxtəlif istiqamətlərdə işin aparıldığı qeyd edilib. Bundan əlavə, görüşdə tərəflər arasında turizm əlaqələrinin inkişafı, turist axının artırılması, qarşılıqlı uçuşların təşkili, uzunmüddətli vizaların verilməsi məsələləri və digər məsələlər müzakirə olunub.

   Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər. Sonda nazir müavini Kestutis Yankauskasa yeni vəzifəsində uğurlar arzu edib.

 

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.5.