Fikrət Əmirovun 95 illiyi münasibətilə konsert

 

 

   Dövlət Uşaq Filarmoniyasının Uşaq-gənclər xalq çalğı alətləri orkestri bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayevin idarəsi ilə dekabrın 23-də Kameraorqan musiqisi zalında görkəmli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun anadan olmasının 95 illiyinə həsr edilmiş konsert proqramı təqdim edib.

   Tədbirdə giriş sözü söyləyən Bakı Musiqi Akademiyasının Nəzəriyyə kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elmira Pənahova bəstəkarın həyat və yaradıcılığından, çoxşaxəli fəaliyyətindən, Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələrdən söz açıb.

   Proqramda Fikrət Əmirovun dillər əzbəri olan mahnıları, filmlərə yazdığı musiqilər və irihəcmli əsərlərindən hissələr səsləndirilib. Solistlər Şahmuraz Muradoğlu, Sənan Hacılı (tar), respublika və beynəlxalq müsabiqələr laureatı Atlas Mehdiyeva, Ayxan Bünyadzadə, beynəlxalq müsabiqələr laureatları - Prezident təqaüdçüsü Lalə İbrahimova, Nərmin Rzayevanın ifaları maraqla qarşılanıb.

   Proqramın sonunda Fikrət Əmirovun Andrey Babayevlə birgə yazdığı xalq çalğı alətləri və fortepiano üçün konsertdən II və III hissələr səslənib.

 

 

Mədəniyyət.- 2017.- 27 dekabr.- S.7.