İlk qadın məcmuəsinin naşiri

 

 

 

   XX əsrin əvvəllərində azərbaycanlı qadınların savad əldə etməsi ziyalıların qarşısında duran vacib məsələlərdən idi. Qadın hüquqları uğrunda fəal mübarizəyə qoşulanlardan biri də Xədicə Əlibəyova olub.

   Xədicə Ələddin qızı Əlibəyova 1884-cü ildə Tiflisdə anadan olub. Atası Tiflisin hörmətli ziyalılarından idi və qızının təlim-tərbiyəsi ilə yaxından məşğul olmuşdu. Xədicə Tiflis Qızlar gimnaziyasını bitirdikdən sonra tibb sahəsində ali təhsil alır. Hüquqşünas, ictimai xadim, publisist Mustafa bəy Əlibəyovla (1872-1942) ailə həyatı qurur. Bundan sonra o, ictimai və mədəni həyatda daha fəal iştirak edir. Xədicə xanım Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin, Mustafa bəy isə “Yaşıl qələm”in, “Hidayət” xeyriyyə cəmiyyətinin katibi, həmçinin ”Möhtaclara kömək” cəmiyyətinin, “Əhrar” partiyasının üzvü olur.

   22 yanvar 1911-ci ildə Bakıda redaktoru Xədicə Əlibəyova, naşiri Mustafa bəy Əlibəyova olmaqla ilk qadın mətbuat orqanı - “İşıq” qəzeti təsis edilir. “Kaspi” qəzeti ertəsi gün yazırdı: “Dünən Bakıda Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “İşıq” qəzetəsinin ilk nömrəsi tatar dilində (Azərbaycan dili - red.) çapdan çıxıb. Qəzetə müsəlman qadın və uşaqların tərbiyəsinə xidmət edən bir orqandır”.

   Qəzet ilk sayında məram və məqsədini açıqlayaraq xalqa müraciətlə yazırdı: “Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası, evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”.

   Ziyalı qadınlardan Asya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Səidə Şeyxzadə, Nabat Nərimanova və Gövhər Şövqiyyə və başqa maarifpərvər qadınlar nəşrin ətrafında böyük inamla birləşmişdilər. X.Əlibəyovanın “Hüquqlarımız” sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, uşaqların tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri ətrafında gedən mübarizə və s. geniş şəkildə əksini tapırdı.

   Görkəmli ədib və ziyalılardan M.Hadi, Y.V.Çəmənzəmənli, B.Şahtaxtinski, İ.Məlikov və başqaları qadın mətbuatının öncülü olan “İşıq” qəzetinin nəşrinə sevinərək təbrik məktubu yazmışdılar. B.ŞahtaxtinskiYeri gəlmişkən” adlı məktubunda bildirirdi: “Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladını yaxşı tərbiyə və həyatını yaxşı təmin edə bilər... Bu həyat qanunu elə onların vasitəsilə azərbaycanlılarla maarif arasında bir körpü qurdu”. Tədqiqatçı Rəqibə Məmmədova araşdırmasında yazır ki, qəzetin bağlanma təhlükəsini hiss edən redaktor X.Əlibəyova nəşrin birillik nömrəsini çar II Nikolayın xanımı imperatriçə Aleksandra Fyodorovnaya göndərmək üçün ərizə yazır və ondan icazə istəyir. İmperatriçə Xədicə xanımın xahişini razılıqla qarşılayır.

   Göründüyü kimi, X.Əlibəyova milli mətbuatımızın ilk qadın mətbu orqanının azərbaycanlı qadınların həyatındakı əhəmiyyətli rolunu dəyərləndirərək onun davamlı nəşri üçün əlindən gələni edib. Bütün bunlara baxmayaraq, “İşıq” qəzeti cəmi bir il nəşr olunubbu müddətdə 68 nömrəsi işıq üzü görüb.

   1912-ci ildə qəzetin nəşri dayandırılır və Xədicə xanım Şəkiyə köçür. O, 1920-ci ildən 1946-cı ilədək Şəkidə həkimlik fəaliyyətini davam etdirir. Eyni zamanda Şəkidə savad kurslarının, qadın klubunun təşkilində də yaxından iştirak edir. Ömrünün ahıl çağlarında Bakıya köçür və 1961-ci ildə burada vəfat edir.

  

   Savalan Fərəcov

 

 

Mədəniyyət.- 2017.- 1 fevral.- S.14.