Natəvanın ömür və sənət yolu həm də Qarabağın tarixidir

 

 

 

   “Sirlər xəzinəsi” ədəbi-musiqili layihəsi bu dəfə Xan qızına həsr olunmuşdu

  

   Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-musiqili layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihə üzrə ikinci tədbir görkəmli şairə Xurşudbanu Natəvanın (1832-1897) həyat və yaradıcılığına həsr edilmişdi.

   Qonaqlar ilk olaraq Muğam Mərkəzinin foyesində Milli Kitabxana tərəfindən təşkil edilmiş kitab sərgisi ilə tanış oldular.

   Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq layihə barədə məlumat verdi, bu silsilədə ilk muğam gecəsinin dahi şair Məhəmməd Füzuliyə həsr olunduğunu diqqətə çatdırdı.

   AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov klassik irsi yaşatmaq baxımından “Sirlər xəzinəsi” layihəsinin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Azərbaycan ədəbiyyatında xanım şairlər arasında Məhsəti Gəncəvi və Xurşudbanu Natəvan xüsusi yer tutur. Onların yaratdıqları ədəbiyyat nümunələri obrazlılığı, səlis, rəvan dili ilə gözəl yaradıcılıq örnəkləridir. Natəvanın yaradıcılığında Füzuliyə münasibət də hiss olunur. O, hər zaman Füzulinin yaradıcılığından bəhrələnib. Natəvan yaradıcılığı ilə XIX əsr klassik şeirimizə novatorluq gətirib.

   Vurğulandı ki, Natəvanın ədəbi irsi yetərincə tədqiq olunsa da, hər dəfə müraciət edildikcə yeni-yeni cizgilərə rast gəlinir. Onun yaradıcılığı və fəaliyyəti həm də Qarabağın tarixidir. O, Qarabağ tarixini zənginləşdirən şəxsiyyətlərdən biridir. Natəvanın obrazı ədəbiyyatda, incəsənətdə, heykəltəraşlıqda, mədəniyyətin müxtəlif sahələrində əks olunub.

   Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri, şair, ədəbiyyatşünas Ənvər Əhməd şairənin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Xurşudbanu Natəvan 1832-ci ildə Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlib. Xalq arasında “Xan qızı” adı ilə çağırılan Xurşudbanu saray tərbiyəsi görüb, dövrün tanınmış alim və sənətkarlarından dərs alıb. Şeirlərini “Natəvan” (kimsəsiz, köməksiz) təxəllüsü ilə yazıb, Azərbaycan klassik ədəbiyyatı tarixində lirik şair kimi şöhrət tapıb. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mütaliə edib və onların yaradıcılığından bəhrələnib. Təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxaran Xan qızı Şuşada “Məclisi-üns” ədəbi birliyini yaradıb və onun bütün xərclərini öz üzərinə götürüb.

   AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Əlioğlu, yazıçı-publisist Mustafa Çəmənli Natəvanın Azərbaycan ədəbiyyatında və ictimai həyatdakı yeri barədə söz açdılar. Klassiklərin yaradıcılığının yaşadılması və gənc nəslə çatdırılması baxımından layihənin əhəmiyyəti yüksək qiymətləndirildi.

   Musiqili gecədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının ifasında Xurşudbanu Natəvanın şeirləri səsləndirildi. Əməkdar artistlər Qəzənfər Abbasov, Firuz Səxavət, xanəndələr Sevinc Sarıyeva, Günay İmamverdiyeva, Mustafa Mustafayev, Rövşən Bəşirovun ifaları tədbirə rəng qatdı.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.5.