Gənclər Günü münasibətilə silsilə tədbirlər

 

   Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Sabunçu Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə rayon Gənclər evində tədbir keçirilib.

   Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova iştirak ediblər. Çıxış edənlər gəncləri bayram münasibətilə təbrik ediblər, fəal gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

   “Səma” rəqs ansamblının ifasında nümayiş olunan rəqslər, müğənnilər Leyla Ramazanlı, Aysel Əlizadə, “Cahanqrupubaşqa ifaçıların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

   * * *

   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 2 fevral - Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilib.

   Regional idarənin Qubadlı rayon nümayəndəliyinin Mahmudlu kənd Mədəniyyət evində keçirilən tədbirdə dərnək üzvlərinin ifasında Azərbaycan rəqsləri, şeir nümunələri, musiqi nömrələri, teatrlaşdırılmış kompozisiya maraqla qarşılanıb.

   Xızı rayon nümayəndəliyinin Mədəniyyət mərkəzində dəyirmi masa keçirilib. Gənclər və İdman idarəsi tərəfindən rayonun ictimai-siyasi, mədəni həyatında fərqlənən gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

   Sumqayıt şəhər Mədəniyyət evində keçirilən bayram konsertində müğənnilər Elşən Quliyev, Vüsalə Hüseynova, Fidan Nağıyevanın ifasında mahnılar, eləcə də “Butaritm qrupunun ifasında “Azərbaycan ritmləri” adlı kompozisiya təqdim edilib. Mədəniyyət evinin özfəaliyyət kollektivinin üzvləri ifaları ilə gəncləri təbrik ediblər.

 

Mədəniyyət.- 2017.- 8 fevral.- S.6.