“Gəncliyin səsi” regionlardan gəlir

 

 

   Masallı və Sabirabadda festival çərçivəsində sərgi, film nümayişikonsert keçirilib

  

   Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) birgə təşkilatçılığı ilə 2-6 fevral tarixində gerçəkləşən “Gəncliyin səsi” incəsənət festivalı çərçivəsində bölgələrdə də tədbirlər keçirilib.

   Fevralın 4-də Masallı şəhərindəki “ASAN həyat” kompleksində gənc rəssamların sərgisi və gənc rejissorların filmlərinin nümayişi olub.

   “ASAN həyat”ın incəsənət məktəbində Cəlilabad, Masallı və Yardımlı rayonlarının gənc rəssamlarının müxtəlif janrlarda işlədiyi 88 rəsm əsəri nümayiş etdirilib.

   Sərginin açılışında çıxış edən “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev ənənəvi olaraq təşkil olunan “Gəncliyin səsi” incəsənət festivalının əhatə dairəsinin bu il daha da genişləndiyini, regionlarda müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

   Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova incəsənət festivalı çərçivəsində keçirilən tədbirlərin gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların dünyagörüşünün formalaşmasında rolunu yüksək dəyərləndiriblər.

   Sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçıları “ASAN həyat” kompleksinin kinoklubunda gənc rejissorlar Ayşad Səfərəliyev və Amil Məmiyevin Qarabağ mövzusunda lentə aldıqları “İnikas” və “Qara bağ” qısametrajlı filmlərinə tamaşa ediblər. Hər iki film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

   Filmlərin nümayişi başa çatdıqdan sonra gənc rejissorlar sualları cavablandırıblar.

   * * *

   Fevralın 5-də Sabirabad rayon Mədəniyyət mərkəzində “Gəncliyin səsi” festivalı çərçivəsində tədbir keçirilib. Əvvəlcə iştirakçılar gənc istedadların əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

   “Gəncliyin səsi - 2017” festivalı ilə bağlı çıxışlardan sonra konsert proqramı təqdim olunub. Konsertdə V Respublika muğam müsabiqəsinin qalibi Səməd Səmədov, İlham Əhmədov, Maqsud Rəhimov, Sərxan Baxşıyev, Şamil Ağayev, Şahin Ağayev və başqalarının ifaları maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2017.-8 fevral.- S.11.