“Dildə, fikirdə, işdə birlik” ideyası mədəniyyətlərin qovuşması deməkdir

 

 

   Fevralın 3-də Ankarada Yerli Düşüncə Dərnəyinin qurulmasının 3 ili münasibətilə tədbir keçirildi. Tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, müxtəlif ölkələrin Türkiyədə təhsil alan gəncləri, sənətçilər, adamları iştirak edirdi.

   Dərnəyin fəxri başqanı, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış edərək qurumun məramından, hədəflərindən söz açdı. Bildirdi ki, bu dərnək hər şeydən öncə bir mədəniyyət təsəvvürüdür: “Fəaliyyətimizin hədəfləri Balkanlardan Çin səddinə qədər böyük mədəniyyət coğrafiyamızda, mədəniyyət hövzəmizdə dildə, fikirdə, işdə bir olmaq, iqtisadi, ticarət, turizm əlaqələri qurmaqdır. Bununla yanaşı, bu coğrafiyadakı ölkələrdən gəlib Türkiyədə təhsil alan gənclərə özlərini öz evlərindəki kimi hiss etmələri üçün yardım edirik. Bu gənclərin “Dildə, fikirdə, işdə birlikdeyimi baxımından mədəniyyətlərinin qaynayıb-qarışması, bir-birilərini daha yaxşı tanımaları, yaxşı və pis gündə dəstək olmağı bacarmaları və öz ölkələrinə döndükdə özləri ilə bir Anadolu hekayəsi aparmalarına önəm verərək bu dərnəyi qurduq”.

   Qurumun sədri Mətin Gündoğdu isə ötən dövrdə həyata keçirdikləri fəaliyyətlərindən bəhs etdi. O da çıxışında türk-islam mədəniyyəti coğrafiyasından Türkiyəyə gələn tələbələrlə bağlı gördükləri işlərdən söz açaraq bu gənclərin ölkələrinə döndükdən sonra Türkiyə Cümhuriyyətini də bir turizm elçiləri olaraq ölkələrində tanıdacaqlarına əminliyini ifadə etdi: “Biz istəyirik ki, bu gənclər Türkiyədə ailə həsrəti yaşamasınlar. Bu istiqamətdə bizə dəstək verən dövlət və hökumət qurumlarımıza minnətdarlığımızı bildiririk”.

   Rəsmi çıxışlardan və quruma ünvanlanmış təbrik məktublarının oxunmasından sonra tədbirin bədii hissəsi başlandı.

   Türk musiqi qrupunun bir-birindən bənzərsiz ifaları dinlənildi. Şair Hacı Gürhan “Mən Anadoluyamşeiri ilə çıxış etdi. Azərbaycanın Xalq artisti Azərinin ifasında səslənən Üzeyir Hacıbəylinin “Çırpınırdın, Qara dəniz” (sözləri - Əhməd Cavad) mahnısı isə tədbirə xüsusi bir əhval qatdı.

  

   Mehparə Sultanova

   Ankara

  

Mədəniyyət.- 2017.-8 fevral.- S.15.