Kulinarlarımızın növbəti uğurları

 

 

 

   İstanbuldakı yarışmada aşpazlarımız 16 nominasiyanın 15-də yüksək nəticələr göstəriblər

  

   Fevralın 9-da Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə mətbuat konfransı keçirildi. Tədbir aşpazlarımızın bu günlərdə Türkiyənin İstanbul şəhərində təşkil olunan 15-ci Beynəlxalq mətbəx festivalında iştirakına və İsveçrənin Sankt-Moritz şəhərində 33-cü Qar polosu üzrə dünya kuboku yarışması çərçivəsində keçirilən Azərbaycan milli mətbəx günlərinə həsr olunmuşdu.

   Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov çıxış edərək əvvəlcə İstanbulda keçirilən festival haqqında geniş məlumat verdi. Bildirdi ki, festivalda 27 ölkədən 2 minədək aşpaz 70 kateqoriyada yarışıb. Yarışda ölkəmizi Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri olan gənc aşpazlar təmsil ediblər. Müsabiqədə I yeri Tunis, ikinci yeri Türkiyə, üçüncülüyü isə Azərbaycan təmsilçiləri qazanıb. Ümumilikdə aşpazlarımız 13 fərdi nominasiyada 4 qızıl, 4 gümüş, 5 bürünc medal, kollektiv nominasiyalarda isə bir gümüş medal, 3-cü yer üzrə kubok, 4-cü yer üzrə fərqlənmə diplomuna layiq görülüb. Beləliklə, 16 nominasiyanın 15-də komandamız yüksək nəticələr göstərib.

   Qeyd edək ki, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bu festivalın münsiflər heyətində də təmsil olunub.

   Daha sonra T.Əmiraslanov İsveçrənin Sankt-Moritz şəhərində keçirilən 33-cü Qar polosu üzrə dünya kuboku yarışı çərçivəsində Azərbaycan milli mətbəx günlərindən söz açdı. Qeyd etdi ki, yanvarın 27-dən 29-dək təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın tarix və mədəniyyəti təqdim olunub. Yarışların keçirildiyi ərazidə Azərbaycan Atçılıq Federasiyası tərəfindən Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin musiqisi, mətbəxi, ədəbiyyatı və Qarabağ atlarını təbliğ edən guşələr təşkil edilib. Yarış meydançalarında, təqdimat və mükafatlandırma mərasimlərində, eləcə də mətbuat konfranslarında Azərbaycanın “Land of Fire” tanıtım sloqanından istifadə edilib.

   Ə.Əmiraslanov diqqətə çatdırdı ki, yarışların ikinci günündə qonaqlar üçün “Bakı-Moritz” gecəsində isə qonaqlara Azərbaycan Kulinariya Mərkəzi tərəfindən hazırlanan milli mətbəx nümunələrimiz, həmçinin Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə musiqi proqramı təqdim edilib. Azərbaycan kulinarlarından ibarət komanda 3 gün ərzində 30 mindən çox tədbir iştirakçısına ölkəmizin mətbəx nümunələrini təqdim edərək geniş məlumat veriblər. Tədbir günlərində 12 min nəfər Azərbaycan çayı, 10 növ mürəbbə, şirniyyat növləri və digər mətbəx nümunələrimizə qonaq edilib.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 10 fevral.- S.9.