“Mənim 60-cılar nəslim”

 

 

 

   Səməd Vurğunun ev-muzeyində tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri ilə görüş

  

   Səməd Vurğunun ev-muzeyində “Mənim 60-cılar nəslim” adlı tədbir keçirilib. Qonaqlar əvvəlcə muzeydə yeni yaradılan ekspozisiya ilə tanış olublar.

   Ötən əsrin 60-cı illərinə həsr edilən ekspozisiyada dövrün görkəmli nümayəndələrinin portretləri, Xalq rəssamı Səttar Bəhlulzadənin tablosu, Xalq şairi Vaqif Səmədoğlunun çəkdiyi rəsmlər, 60-cı illərdə yazdığı, “Samizdat” adı ilə çıxan şeirləri, habelə o illərdə dəbdə olan məişət əşyaları nümayiş etdirilib.

   Ekspozisiyanın müəllifi rəssam Afaq Kərimovadır.

   Muzeyin direktoru Nüşabə Vəkilova qonaqları salamlayaraq, 60-cı illərin həmin dövrün orta və gənc nəslinin həyatındakı müstəsna rolundan, o illərdə yaradılan sənət əsərlərindən söz açıb. Bildirib ki, tədbirin Səməd Vurğunun ev-muzeyində keçirilməsi heç də təsadüfi deyil, çünki 60-cılar nəslinin parlaq nümayəndələrindən olan YusifVaqif Səmədoğlular bu evdə həmfikirləri, dostları ilə fikir mübadiləsi aparıblar.

   Tədbirdə 60-cılar nəslinin nümayəndələri - Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, tarix elmləri doktoru Dilarə Seyidzadə, kinorejissor, Xalq artisti Oqtay Mir Qasım, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və yazıçı-dramaturq Aqşin Babayev çıxışlarında o illərlə bağlı acılı-şirinli xatirələrini bölüşüblər.

   Vurğulanıb ki, modernist, yenilikçi gənc şair və yazıçıların cəmiyyətdə qəbul olunmasında Rəsul RzaQara Qarayev kimi sənətkarların böyük rolu olub.

   Tənqidçi, professor Rüstəm Kamal da 60-cı illərin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdən danışıb.

   Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu Ülviyyə Hacıbəyova görkəmli bəstəkarlar Qara Qarayev, Niyazi, Emin Sabitoğlunun 60-cı illərdə yaratdıqları əsərlərdən popurri ifa edib. Gənc müğənni Rövşən Civişovun gitaranın müşayiəti ilə oxuduğu retro mahnılar tədbirə xüsusi rəng qatıb. Gecədə, həmçinin “Aytamİctimai Birliyinin üzvü Aygün Rəsulzadə, jurnalist İntiqam Rəhimov 60-cılar nəslinin ən parlaq nümayəndələrindən olan Vaqif Səmədoğlunun, Fikrət Qocanın, Əli Kərimin, Ələkbər Salahzadənin və digər şairlərin şeirlərini səsləndiriblər.

 

Mədəniyyət.- 2017.- 15 fevral.- S.6.