Yeni musiqi alətləri hazırlanıb

 

 

 

   Azərbaycan Milli Konservatoriyasının “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında bir neçə musiqi aləti üzərində işlər başa çatıb. Bu barədə məlumat verən laboratoriyanın müdiri Məmmədəli Məmmədov bildirdi ki, yeni alətlər milli musiqi alətlərimizin özülü üzərində ortaya gəlib. Bunlar yaylı tar, yaylı saz və yaylı qopuzdur. M.Məmmədovun sözlərinə görə, məqsəd xalq çalğı alətləri orkestri üçün yeni alətlərin yaradılması, orkestrin səs diapazonunun artırılmasıdır: “Yaylı tarda əldə etdiyimiz nəticələr bu günə kimi əlimizdə olan yaylı musiqi alətlərimizin ən uğurlusudur. Bəm səsli yaylı tarın çanaq hissəsi adi tardakı kimidir. Alətin çanağı tut, qolu və aşıqları qoz ağacındandır. Yaylı qopuz ənənəvi qopuz, yaylı saz isə cürə saz əsasında yaradılıb”.

   Bildirək ki, M.Məmmədov indiyədək 52 milli musiqi aləti düzəldib.

  

   Soltan

 

Mədəniyyət.- 2017.- 17 fevral.- S.12.