Bu dünyada hər tərəfə qatarlar gedər...

 

 

   - Şəfəq xanım, Qurban, siz, otuz-qırx il bir yerdə yaşamış adamlarsız... Bax, bu stansiyada baş verən söz-söhbət, qarşıdurma bəlkə də sizin ilk mübahisənizdir. Qurban, sən, Şəfəq xanımın dediklərini əvvəlcə ciddiyə almırsan, zarafat kimi qəbul edirsən. Elə burada, səhnənin bu küncündə oynamaq lazımdır. Xahiş edirəm, əlində kanistr təzədən, kulisdən bir də gəl... Başladıq. Nəsibə xanım, siz də baxın, mizanı yadda saxlayın. Sonra bu yeri sizinlə təkrar edəcəyik...  

 

   ...Martın 31-də qarşılayacağımız «Ünvansız qatar»ın məşqindəyik. Əli Əmirlinin pyesinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. 1988-ci ildə azərbaycanlıların Ermənistan Respublikasındakı dədə-baba yurdundan qaçqın düşməsi prosesinə, həmin günlərdə soydaşlarımızın yaşadığı drama həsr olunmuş əsərin ən gərgin, ən əsəbi səhnəsinin məşqinə gəlib çıxmışıq. Ermənistandan çıxıb Azərbaycana gələn qaçqın dolu qatar bizim ərazidə, çöllükdə dayanıb. Həyat düzəni qəfil, həm də namərdcəsinə pozulmuş, varını, yurdunu, malını nədir, əzizlərini itirmiş insanlar bu «dayanacaqda» çox olaylarla üzləşirlər. Onların arasında Bədir, həyat yoldaşı Xoşbəxt və bir ay əvvəl nənəsi ilə Bakıdan kəndə gələn Ayla da var. Əslində sabahına arxayın olan elə Bədirgildir. Çünki onların yeganə qızı Raifə Bakıda yaşayır. Savadı, fərasəti ilə seçilən gənc qadın biznesmendir, topdağıtmaz evi, ayağının altında maşını var, atası demişkən, heç ərinin qazancına da ehtiyac duymur. Bədir kişiyə təkcə ailəsini Bakıya salamat çatdırmaq lazımdır. İstəyir qatar yerindən tərpənsin, istəyirsə, heç tərpənməsin. Baha da olsa, maşın danışıb, sabah özlərini Raifəyə çatdıracaqlar...

   Elə ər-arvad arasında əsl münaqişə burada başlayır. Demə, Xoşbəxtin zənn etdiyi kimi, özü ilə ərindən başqa kimsənin bilmədiyi sirr çoxdan faş olub. Hələ cavan ikən Bədirin erməni qadından doğulan qızı Rayanı anası öləndən sonra Xoşbəxt öz övladı kimi böyüdüb, tərbiyə edib. Raya-Rafiənin bu sirrdən xəbərsiz olduğunu zənn edən Xoşbəxt özünü bəxtəvər ana bilir. Amma sən demə, Rafiə gəlin köçərkən Bədir qızın doğma anasının vəsiyyətinə əməl edərək, onun ilk metrikasını və anasının ağzıbağlı məktubunu ona veribmiş. Rafiə isə necə olubsa, bu sirri qızına açıb. 9 yaşlı Aylanın hər şeyi nənəsinə danışması ilə Xoşbəxtin ana dünyası, qayğısız qocalıq arzuları çiling-çiling olub.

  

   * * *

   Xoşbəxt: Əlbəttə, dəliyəm. Ağıllı olsaydım, o cür ata-ananı, yeddi igid qardaşı yerə vurub sənə qoşulub qaçardım?!

   Bədir: Sən məni erməni bilirsən?

   Xoşbəxt: Allah aldı ağlımı...

   Bədir: İndi mən yazıq neyləyim ki, sənin ağlın qayıtsın yerinə?

   Xoşbəxt: Belə canına dərd elə, Bədir, gözünə də vərəm! Götür doğma nəvəni, get qızının yanına! Mən də burda qalıb qaçqınlığımı edərəm! Bizimkibura qədərmiş.

   Bədir: Ta mənim sənə sözüm yoxdu...

   Xoşbəxt: Dahasözün olacaq? var, demisən , eləmisən ...

   Bədir: İndi deyirsən, bu yaşımızda boşanaq?

   Xoşbəxt: Bəli, boşanmalıyıq!

   Bədir: Sənin ağlın başındadır?

   Xoşbəxt: fərqi var başımdadır, ya yox! Onsuz da mən həmişə ürəyimlə hərəkət edirəm. Ürəyim hara gedir, mən ora gedirəm. Sonra da altını çəkirəm...

   

   - Yaxşıdır, Şəfəq xanım, - deyə rejissor məşqi saxlayır, - siz yenə Qurbana nəsə demək istəyirsiniz, amma o gözləmir, suyu da götürüb gedir. Şəfəq xanım, siz əyləşin, bu səhnəni Nəsibə xanımla da keçək.

   ...Beləcə, bu səhnə yenidən təkrar edilir. Bəhram Osmanov bu dəfə Nəsibə Eldarovanın Xoşbəxti ilə Bədiri üzləşdirir. Salondan iki aktrisanın bir obraza münasibətini ardıcıl izləyincə aydın olur ki, Qurban İsmayılov-Şəfəq Əliyeva, Qurban İsmayılov-Nəsibə Eldarova tandemi qədər fərqlənir... Eyni olansa ömrün ahıl çağında üst-üstə mənəvi sarsıntılar keçirən insanların ovqatının tamaşaçıya ötürülməsidir. Hələ məzmununu bilmədiyim «Ünvansız qatar» pyesi barədə düşüncələrimə Bəhram müəllimin növbəti göstərişi son qoyur:

   - Nəsibə xanım, siz səhnədə qalın. İndi Raifə ilə görüş səhnəsini keçirik. Kəmalə hanı?

   Aktrisa Kəmalə Hüseynova səhnə arxasından boylanır:

   - Burdayam.

   - Deməli, belə. Kəmalə, Nəsibə xanım, bu, sizin bir aydan sonrakı görüşünüzdür... Bir ay əvvəl Xoşbəxt bilmirdi ki, Rafiə əsl anasının kim olduğunu bilir, kənd əldən getməmişdi. Hər şey yaxşı idi. Amma indi?.. Kəmalə xanım, bu səhnədə sənin cəmi 4 cümləlik sözün var. Boylana-boylana gəlirsən. Şalından anana oxşadırsan, amma bayaqdan bu şala görə neçə qadının qabağına qaçıb «mama» demisən, amma görmüsən ki, anan deyil... Bakıdan buracan maşını dəli kimi sürmüsən, atandan, anandan, uşağından nigaransan. Anana deyəcəyin dörd cümlədə sən bütün bunları, yorğunluğunu, öz bioloji ananın millətindən olanların törətdiyi bu faciəyə görə üzrxahlığını ifadə etməlisən! Raifə ağıllı qadındır, bilir ki, Xoşbəxtin tərbiyəsi, qayğısı nəticəsində belə savadlı, fərasətli böyüyüb. Onun «mama, sənə qurban olum», «ayaqlarının altında ölüm» ifadələrində bunu çatdır. Nəsibə xanım, sən «mama» kəlməsini eşidib arxaya dönürsən, sonra qızını tanıyıb yavaş-yavaş irəli gəlirsən, özün Raifəni görən kimi bayaq dediklərinə peşman olursan!.. Onun «mama» deməsi səni tərk-silah edir. Başlayın!

   Hər iki aktrisa rejissorun göstərişlərini öz hisslərinə qatıb mizanı bir-iki dəfə təkrar edirlər.

   - Xahiş edirəm, Kəmalə xanım, bir az hisslərini cilovla. Burada isterika, qışqırmaq lazım deyil. Sizin hər ikiniz tamaşaçının əsəblərini qıcıqlandırmalısınız. Tamaşaçı bu faciəyə - köç, yurd itkisi faciəsinə şəxsi faciənin qarışdığını hiss etməlidir.

  

   * * *

   ...Belə bir ağır emosional səhnədən sonra kiçik bir fasilə. Biz gördüklərimizin təsiri altında quruluşçu rejissordan «Ünvansız qatar» əsəri barədə fikirlərini soruşuruq:

   - Əli Əmirlinin bu pyesi üç il olar ki, teatrımızın qovluğundadır. Bu illər ərzində biz «Ünvansız qatar»ın səhnə variantı üzərində axtarışlar aparmışıq. Keçən müddət ərzində əsər öz aktuallığını itirməyib, əksinə, bir az da aktuallaşıb. Söhbət konkret olaraq Qarabağ ətrafında başlayan bir prosesdən - Qərbi Azərbaycanın köklü əhalisinin qovulmasından bəhs etsə , bu gün bütün dünyada qaçqın problemi aktualdır. Siyasi proseslər elə bir istiqamət alıb ki, təkcə insanların həyatı yox, ölkələr darmadağın olur, sivilizasiyalar dağılır. Bu tamaşa Azərbaycan dramaturqunun teatrının dünyaya bir ismarışıdır: insan milli mənsubiyyətindən asılı olmayaraq, mərhəmətli olmalıdır. İnsan mərhəmətli olarsa, bu gün dünyada davam edən müharibələr baş verməzdi!

  

   Gənc Tamaşaçılar Teatrında «Ünvansız qatar» yola çıxıb. İlk nümayişi 31 mart - Azərbaycanlıların soyqırımı gününə nəzərdə tutulan tamaşanın quruluşçu rəssamı Sona Qarayeva, rejissorları Gülnar Hacıyeva Qasım İbrahimov, musiqi tərtibatçısı Tacəddin İmanovdur. Rollarda Xalq artisti Tariyel Qasımov, əməkdar artistlər Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Şövqü Hüseynov, Kəmalə Hüseynova, Gülər Nəbiyeva, Naibə Allahverdiyeva, Leyli Vəliyeva, aktyorlar Kərəm Hadızadə, İradə Rəşidova, Elşən Çarhanlı, Zemfira Əbdülsəmədova, Türkan Şahmarlı başqaları çıxış edir.

  

   * * *

   ...Sağollaşıb məşqdən çıxıram. Düşünürəm ki, ağlımkəsər yaşımda başlayan, heç şübhəsiz ki, hər birimizin taleyinə, yaşamına öz «düzəliş”lərin edən, bizimlə yanaşı yaşlanan bu problemi tarixin yaşanmış illərinə istiqamət götürən hansısa qatara yükləyib keçmişə gömmək necə yaxşı olardı! Amma hələ ki, «Ünvansız qatar»ın səhnəyə gəlişini gözləyirik.

  

   Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.6.