İndoneziya ilə turizm əməkdaşlığı genişlənəcək

 

 

 

   Bu ölkədən Səudiyyə Ərəbistanına dini ziyarətə gedən şəxslərin yolüstü turist kimi Azərbaycana səfərinin təşkili və əməkdaşlığa dair hüquqi bazanın yaradılması barədə razılıq əldə olunub

  

   Fevralın 22-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İndoneziya parlamenti Xalq Nümayəndələr Palatasının üzvləri ilə görüşüb.

   İndoneziya Respublikasının ali qanunverici orqanı - Xalq Məşvərət Konqresi - iki palatadan - Xalq Nümayəndələr Palatası və Regionlar Nümayəndələri Palatasından ibarətdir. Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

   Nazir Əbülfəs Qarayev 8 sentyabr 2016-cı il tarixində İndoneziya Xalq Məşvərət Konqresi sədrinin müavini Osman Sapta Odanq ilə keçirilən görüşü xatırladaraq, həmin görüşdən sonra ölkə başçımızın tapşırığı ilə İndoneziya vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edildiyini bildirib.

   İndoneziya parlamentinin nümayəndələri qarşılıqlı əlaqələrə maraq göstərdiklərini, mədəniyyət və turizm sahələri üzrə konkret işlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

   Görüş zamanı İndoneziyadan Səudiyyə Ərəbistanına Ümrə ziyarətinə gedən şəxslərin yolüstü turist kimi Azərbaycana səfərlərinin təşkili məqsədilə birgə fəaliyyət planının hazırlanmasına dair razılıq əldə olunub.

   İki ölkə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığa dair hüquqi bazanın yaradılması istiqamətində ilkin layihələrin hazırlanması və İndoneziya tərəfinə təqdim olunması qərara alınıb.

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.3.