“Ədalət gözləyən Xocalı”

 

 

   Fevralın 22-də Nəriman Nərimanovun xatirə muzeyində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Ədalət gözləyən Xocalı” adlı tədbir keçirildi.

   Tədbir iştirakçıları ilk olaraq Xocalı soyqırımına həsr edilmiş kitab, jurnal, qəzet və fotolardan ibarət sərgi ilə tanış oldular. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Mərasimi xatirə muzeyinin direktoru Kamilə Hüseynova açaraq bildirdi ki, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində ermənilərin törətdikləri dəhşətli qırğınlar Azərbaycanın tarixinə qanlı hərflərlə yazılıb. Bu gün Xocalı haqqında həqiqətin dünyada çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra bu faciəyə siyasi qiymət verildi və fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edildi.

   Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova və Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu bildirdilər. Qeyd edildi ki, Azərbaycan xalqı dəfələrlə erməni millətçi-şovinistlərinin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. 1988-ci ildə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Türkiyədən gəlmiş qonaq Ələddin Nalçıoğlu, Bakıda Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım, Beynəlxalq İnformasiya Bürosunun rəhbəri Ülkər Musazadə və başqaları xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətindən söz açdılar. Qeyd olundu ki, Xocalı faciəsinin törədilməsindən 25 il keçməsinə baxmayaraq, bu soyqırımı aktını törədənlər cəzasız qalıb. Natiqlər Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və işğal altında olan bütün torpaqların tezliklə azad ediləcəyini vurğuladılar.

   Qanlı hadisələr zamanı əsir düşən Xocalı sakini Dürdanə Ağayeva çıxışı zamanı həmin dəhşətli gecədə baş verənləri ürək yanğısı ilə danışdı və 8 gün əsirlik həyatına həsr etdiyi “Erməni zindanında 8 gün” və yenicə çapdan çıxmış “Yarım qalmış ömürlər” kitabı haqqında məlumat verdi.

   Tədbirdə həmçinin gənc rəssam Günay Mehdizadənin Xocalı soyqırımına həsr etdiyi “Bir baxışla Xocalı faciəsini yaşa” tablosu təqdim olundu. Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru Ziyadxan Əliyev əsəri şəhid şəhərə, Xocalıya bir abidə kimi səciyyələndirdi. Vurğuladı ki, sənət adamları tarixi faciələrimizi sənətdə ədəbiləşdirərək gələcək nəsillərə ötürməlidir. Günay Mehdizadə ən böyük arzusunun qələbə tablosu yaratmaq olduğunu bildirdi.

   Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları iştirak edirdilər.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.4.