Görkəmli teatr və kino xadiminin 90 illik yubileyi qeyd edildi

 

 

   “O, bir çox aktyorların əlindən tutub, sənətə aparıb, onlara səhnədə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib”

  

   Fevralın 23-də Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə görkəmli teatr və kino xadimi, Xalq artisti Lütfi Məmmədbəyovun (1927-2004) 90 illik yubileyinə həsr edilmiş xatirə tədbiri keçirildi.   

   Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil edilmiş, sənətkarın yaradıcılıq yolundan bəhs edən fotosərgi ilə tanış oldular.

   Xatirə tədbirini Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemət açaraq görkəmli sənətkarın rejissor kimi yaradıcılığından, insani keyfiyyətlərindən, sənətə qırılmaz tellərlə bağlılığından danışdı. Qeyd etdi ki, Lütfi Məmmədbəyov çox yaradıcı bir rejissor idi. Hər bir əsərə, obraza fərdi yanaşardı. Xüsusilə də gənc aktyorlara qayğı ilə yanaşar və onlarda sənətə dərin maraq yaradardı.

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında bildirdi ki, Lütfi Məmmədbəyov sözün həqiqi mənasında işıqlı bir şəxsiyyət, görkəmli sənətkar və qayğıkeş insan idi. O, bir çox aktyorların əlindən tutub, səhnəyə, sənətə aparıb, onlara səhnədə yeriş, duruş, baxış, gülmək-ağlamaq öyrədib. Elədiyi, göstərdiyi yaxşılıqları heç vaxt dilinə gətirməyib. Öz təşəbbüsü ilə 1953-cü ildə yaratdığı Xalq teatrına qırx ildən artıq rəhbərlik edib. Bu gün tanınan aktyorların, rejissorların bir çoxunun ilk sənət yolu həmin teatrdan keçib.

   Vurğulandı ki, Lütfi Məmmədbəyov məhz bu keyfiyyətlərinə görə böyük tamaşaçı məhəbbəti qazanmışdı, daim hörmət bəslənilən teatr xadimi idi. Onun əməyi və sənəti dövlət tərəfindən yüksək qiymətləndirilib, Xalq artisti fəxri adına layiq görülüb, 70 illik yubileyi münasibətilə mədəniyyətimizin qayğıkeşi ulu öndər Heydər Əliyevin fərmanı ilə teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət" ordeni ilə təltif edilib.

   Nazir müavini çıxışının sonunda L.Məmmədbəyovun ailəsinə nazir Əbülfəs Qarayevin salamını çatdırdı.

   Xalq artisti Hacı İsmayılov çıxış edərək L.Məmmədbəyovun ömür yolundan danışdı. Bildirdi ki, o, 6 fevral 1927-ci ildə Ağdaşda dünyaya göz açıb. Teatr Texnikumunda, sonra indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. Bir müddət Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Akademik Milli Dram Teatrının səhnəsində bir neçə tamaşanın quruluşçu rejissoru olub, 60-dan çox televiziya tamaşasına quruluş verib.

   Tədbirdə daha sonra xalq artistləri Əminə Yusifqızı, İlham Namiq Kamal, Məleykə Əsədova, tanınmış televiziya rejissoru Məhərrəm Bədirzadə çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. L.Məmmədbəyovun aktyor kimi rol aldığı filmlər və yaradıcılığı ilə bağlı video-slayd göstərildi.

   Sonda sənətkarın oğlu İlham Məmmədbəyov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin təşəkkürünü bildirdi.

  

   Savalan Fərəcov

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.4.