“Xocalı faciəsi dünyanın gözü ilə”

 

 

   Fevralın 22-də Azərbaycan İstiqlal Muzeyində “Xocalı faciəsi dünyanın gözü ilə” adlı tədbir keçirildi. Mərasimdə Turizm və Menecment Universitetinin tələbələri, Milli Qvardiyanın, Səfərbərlik və Hərbi Dəniz Qüvvələrinin əməkdaşları və başqa qonaqlar iştirak edirdilər.

   Tədbiri muzeyin direktoru Fəridə Şəmsi açaraq ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri faciələrdən danışdı. Bildirdi ki, bədnam qonşularımızın məkrli siyasətindən nəticə çıxarıb düşmənə layiqli cavab vermək, onun dünyaya yaydığı yalanları ifşa etmək bizim əsas vəzifəmiz olmalıdır. Vurğuladı ki, İstiqlal Muzeyi də mütəmadi olaraq tariximizin həm şanlı səhifələri, həm də faciəvi günləri ilə bağlı belə tədbirlər təşkil edərək, gənc nəslə tariximizi təbliğ etməyə çalışır.

   Daha sonra Xocalı sakinləri Oqtay Abdullayev və Mərkəz Quliyev çıxış edərək Azərbaycanın müstəqillik tarixinə qanlı səhifə kimi yazılan soyqırımı haqqında xatirələrini bölüşdülər, həmin günləri ürək ağrısı ilə yada saldılar.

   Bildirildi ki, ermənilər Xocalı ətrafında məskunlaşmaq üçün XX əsrdə onu üç dəfə dağıdıblar. Onlar birinci dəfə Xocalını 1905-ci ildə, ikinci dəfə 1918-ci ilin mart soyqırımı vaxtı, üçüncü dəfə isə 1992-ci ilin 26 fevralında darmadağın etdilər. Öz istəklərinə çatmaq üçün insanlığa sığmayan addımlar atmaqdan belə çəkinmədilər.

   Tədbir Xocalı şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları “Xocalıya ədalət!” adlı kompozisiya təqdim olundu.

   Sonra iştirakçılar “Xocalı faciəsi dünyanın gözü ilə” adlı sərgi ilə tanış oldular. Sərgidə Xocalı soyqırımından bəhs edən fotoşəkillər müxtəlif millətlərin nümayəndələrinin bu hadisə ilə bağlı fikirlərinin müşayiəti ilə təqdim olunur.

  

   Fariz Hüseynov

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.6.