Şamaxıda şəhid heykəltəraşın sərgisi açılıb

 

   Xalq Bank”ın “Şamaxı” filialında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərginin açılışı və bədii albomun təqdimat mərasimi keçirilib.

   Şəhidin ailə üzvlərinin də iştirak etdiyi tədbirdə onun yaradıcılığı, həyatı haqda söz açılıb, xatirəsi yad edilib.

   Şamaxı rayonu Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, mədəniyyət işçisi Rafail Tağızadə, Qobustan rayonu ziyalıları adından Aftandil Şikarov, Çuxuryurd orta məktəbinin müəllimi Güntəkin Hümmətov, Samirin dostları və atası çıxış ediblər.

   Tədbirin sonunda qonaqlar sərgi salonunda Samir Kaçayevin yaradıcılığı ilə yaxından tanış olublar. Sərgi martın 20-dək “Xalq Bank”ın filialında fəaliyyət göstərəcək.

   Samir Kaçayev 1994-cü ildə Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini müvəffəqiyyətlə başa vuraraq heykəltəraş ixtisasına yiyələnib. Magistraturaya daxil olduqdan sonra hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına həlak olub. Samir yaşadığı qısa ömür ərzində yaratdığı əsərləri ilə, sənətə baxışı, insanlara münasibəti, vətənə sevgisi ilə onu tanıyanların rəğbətinin hörmətini, ehtiramını qazanıb. Nəşr olunan alboma onun 50-dən çox heykəltəraşlıq və qrafika işi daxil edilib.

   Qeyd edək ki, “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi çərçivəsində 2016-cı il dekabrında bədii albom təqdim olunub, bankın əsas binasında heykəltəraşın əsərlərinin sərgisi açılıb.

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.7.