Tanınmış naşir Bəhruz Axundov dünyasını dəyişi

 

   Əməkdar mədəniyyət işçisi, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri, "Təhsil" nəşriyyatının baş direktoru Bəhruz Axundov iyunun 30-da vəfat edib.

   Bəhruz Həsən oğlu Axundov 1954-cü il yanvarın 2-də Ağdam şəhərində anadan olub. BDU-nun Jurnalistika fakültəsini bitirib. “Azərbaycan” nəşriyyatında (1981-1984) müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan Respublikası Maarif Nazirliyi mətbəəsinin direktoru (1985-1992) olub.

   1992-ci ildə müstəqil Azərbaycanın ilk dövlət nəşriyyatı olan “Öyrətmən” (indiki “Təhsil”) nəşriyyatını yaradıb. 2007-ci ildən “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru idi.

   Onun naşirliyi ilə yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi, bədii-publisistik ədəbiyyatlar və akademik nəşrlər işıq üzü görüb. Naşiri olduğu kitablar Azərbaycan Dövlət mükafatına (“Qarabağ: real tarix, faktlar, sənədlər”), MDB-ninKitab sənəti” müsabiqəsinin mükafatlarına layiq görülüb.

   Bəhruz Axundov 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, 2011-ci ildən dosent vəzifəsində çalışıb.

   2012-ci ildə təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinə rəhbərlik edirdi. 2013-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdü.

   Allah rəhmət eləsin.

Mədəniyyət.-2017.- 5 iyul.- S.14.