Vətəni tərənnüm, dövlətçiliyi təbliğ edən el sənəti

 

 

   Günümüzün ustad aşıqları” seriyasından çap olunmuş nəşrlərin təqdimatı keçirildi

  

   İyulun 5-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi əsasında “Günümüzün ustad aşıqları” seriyasından nəşr olunmuş nəşrlərin təqdimatı keçirildi.

   Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq nəşrlərin əhəmiyyətindən danışdı, aşıq sənətinin Azərbaycan mədəniyyətinin ən qədim və zəngin sahələrindən biri olduğunu vurğuladı.

   Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Günümüzün ustad aşıqları” layihəsi haqqında məlumat verdi. Bildirdi ki, müasirlərimiz olan ustad aşıqlardan Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, əməkdar mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab nəşr olunub. Kitablarda aşıqların həyat və yaradıcılıqları haqqında geniş məlumat verilib.

   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, son dövrlərdə Aşıqlar Birliyi maraqlı layihələrə imza atır. Elmi, bədii və sənət baxımından vacib olan bir bu layihələr aşıq sənətinin inkişafı üçün önəmli addımlardır. Aşıqlar Birliyi tərəfindən saz-söz sənətkarlarının sənətinə diqqət göstərilməsi, əhəmiyyətli təşəbbüslərin irəli sürülməsi, beynəlxalq aşıqlar festivalının keçirilməsi birliyin nüfuzunu daha da artırıb. Aşıqlar Birliyi təkcə söz sənəti və musiqi ilə məşğul olan qurum deyil, bu təşkilat bir elm ocağına çevrilə bilib. Birlik bu sənətin gələcək nəsillərə ötürülməsi missiyasını yerinə yetirir. Ustad aşıqların tanıdılması bu ulu sənətin təbliği baxımından vacibdir.

   Aşıq sənətinə dövlət qayğısından söz açan nazirin birinci müavini son illərdə bu sahədə xidmətləri olan sənətkarlara fəxri adların verildiyini bildirdi. Qeyd etdi ki, aşıq sənəti də əsasən dövlətçiliyi təbliğ edir. Çünki vətənin təbiəti, ictimai həyatı həmişə aşıqların ilham mənbəyi olub. Aşıq musiqisinin özü də təbiətdən güc alıb. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk dəfə olaraq 1973-cü ildə Aşıq Ələsgərin yubileyinin keçirilməsi ilə bağlı qərar verib: Sovet rejimində, milli özünüdərk prosesi kimi məsələlərin nəzarətdə olduğu bir vaxtda aşıq sənətinin yaşadılmasına xidmət edən bu qərar və ustadın əsərlərinin ikicildliyinin buraxılması aşıq sənətinin inkişafına təkan verdi”.

   Vurğulandı ki, bu uzaqgörən siyasət ölkə başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində 2009-cu ildə Azərbaycan aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısının nəticəsidir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xalqımızın qeyri-maddi mədəni irsinin, xüsusilə muğam və aşıq sənətinin, milli adət-ənənələrimizin dünyada tanıdılması və təbliği istiqamətində gördüyü işlər bu uğurların qazanılmasında mühüm rol oynayıb.

   Tədbirdə çıxış edən ustad aşıqlar İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz kitabların çap olunmasında əməyi keçənlərə təşəkkür etdilər. Layihədə hər bir aşığa fərdi yanaşıldığını diqqətə çatdıran sənətkarlar kitabların tədqiqatçılar üçün gərəkli vəsait olduğunu söylədilər.

   Çıxışlardan sonra tədbir aşıqların ifasında saz havalarının səsləndirilməsi ilə davam etdi.

   Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş kitablarda hər bir ustadın həyat və sənət yolundan bəhs olunur. Nəşrlərdə onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, bu sənətkarlara ithaf olunmuş şeirlər və öz yaradıcılıqlarından seçmə nümunələr yer alıb. Kitabların məsləhətçisi Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

  

   Lalə Azəri

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.3.